ABŞ Hərbi Dəniz İnstitutu (USNI) Rusiya və Ukrayna üçün mühüm əhəmiyyət kəsb edən Sevastopol limanındakı hərbi dəniz bazasının peyk görüntülərini araşdırıb və hər kəsi heyrətə gətirən bir detalı üzə çıxarıb.
Modern.az xəbər verir ki, Sevastopoldan alınan peyk görüntüləri bölgəyə xüsusi təlim keçmiş delfinlərin daşındığını deməyə əsas verir.
Təhlillərə əsasən, Rusiyanın Qara dəniz donanmasını mümkün sualtı hücumlardan qorumaq üçün bölgəyə “hərbi delfinlər” gətirilib. Rusiyanın Qara dənizdəki ən böyük hərbi-dəniz bazası olan Sevastopol, Moskvanın 2014-cü ildə ələ keçirdiyi Krımın cənubunda yerləşdiyindən rus ordusu üçün çox vacibdir. ABŞ-da aparılan araşdırmaya görə, limandakı gəmilərin əksəriyyəti sualtı qayığın potensial hücumlarına qarşı həssasdır. Buna görə də Rusiya delfinlərin yetişdirilməsinə 28 milyon dollar xərclənilib.
“Hərbi delfinlər” gəmiləri necə qoruyacaq?
Yüksək intellektli heyvanlar kimi tanınan delfinlərin hərbi məqsədlər üçün öyrədilməsi əslində yenilik deyil. "Soyuq müharibə" illərində ABŞ və Rusiya kimi bir çox ölkə delfinləri öyrədir və onlardan döyüş tapşırıqları üçün istifadə edirdi. ABŞ təxribat aktlarının qarşısını almaq üçün delfinlərin və dəniz şirlərinin təliminə milyonlarla pul xərcləyib.
Delfinlərin əks-səda vermə qabiliyyəti onlara minalar kimi sualtı obyektləri aşkar etməyə imkan verir. Bu səbəbdən təlim keçmiş balıqlardan təxribat hərəkətlərinin qarşısını almaq, mina aşkar etmək və düşmən dalğıclarının limana daxil olmasının qarşısını almaq üçün istifadə olunur.
Rusiya 2012-ci ildə Sevastopol yaxınlığındakı akvariumda delfinlərə təlim verən proqramı yenidən canlandırıb. Ukrayna heyvanların geri qaytarılmasını tələb edə bilməyib. Bundan sonra Rusiya hətta delfinlər üçün xüsusi cihaz istehsal edib.
Rusiyanın delfinlərdən istifadəsi ilk deyil
2018-ci ildə ortaya çıxan peyk görüntüləri Rusiyanın Suriya müharibəsi zamanı delfinlərdən də istifadə etdiyini təsdiqləyir. Amma delfinlər Moskvanın hərbi məqsədlər üçün istifadə etdiyi yeganə su canlıları deyil.
2019-cu ildə Norveç sahillərində balıqçılar ağ balinanın qayığını incitdiyini, qayışları və kəndirləri qırdığını bildirdilər. Beluga balinasının silah və kamera quraşdırmaq üçün asılqanlarının olduğu, Rusiya donanması tərəfindən təlim keçdiyi iddia edilsə də, məlumatı yoxlamaq mümkün olmayıb.
1980-ci illərdə Sovet Rusiyasında əsgərlər tərəfindən öyrədilmiş delfinlərdən casusluq məqsədilə istifadə edildiyi məlumdur. Kəskin görmə qabiliyyətinə və yaxşı yaddaşa malik olan bu tutulmaz heyvanların sualtı silahlarını aşkar etmək üçün istifadə edildiyi proqram 1990-cı illərdə dayandırılmışdı. Amma 2017-ci ildə proqram bərpa edilib. Bildirilir ki, delfinlər və suitilər 120 metrə qədər su altında torpeda, mina və digər silahları aşkar etmək, dalğıc vasitələrini daşımaq üçün təlim keçiblər.