Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın 9 may planı

Rusiyanın 9 may planı


Rusiya-Ukrayna müharibəsi Moldova ərazisinə də sıçrayıb. Belə ki, Moldovanın Dnestryanı bölgəsində separatçı respublikanın paytaxtı Tiraspol şəhərində, "dövlət təhlükəsizlik nazirliyi"nin binası yaxınlığında partlayış baş verib. Binaya qumbaraatanlardan atəş açıldığı deyilir. Hadisə sonrasında Moldova Prezidenti Maya Sandu Dnestryanıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiya silahlı bölmələri isə tanınmamış Dnestryanıda tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Dnestryanıdakı partlayışların pərdəarxası

Hadisənin kim tərəfindən tördildiyi hələlik bəlli olmasa da Rusiyanın təxribatının olması mümkündür. Məsələ ondadır ki, Rusiya ərazisində son günlər baş verən partlayışlar fonunda Dnestryanıda ard-arda partlayışların baş verməsi diqqət çəkir. Belə ki, bir müddət əvvəl Ukrayna ilə sərhəddə yerləşən Belqoroddakı neft emalı zavodu vuruldu. Düzdür, rəsmi Kiyev hadisəni təkzib etsə də, Rusiya Belqorod neft emalı zavoduna Ukraynaya məxsus iki helikopterin hücum etdiyini bildirdi.

Hadisənin Ukrayna tərəfindən törədilməsi real versiyadır, çünki daha sonra Bryanskda neft zavodlarının vurulması, Tverdəki Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının Elmi-Tədqiqat İnstitutunda yanğının baş verməsi, Rusiyadakı meşə yanğınlarının baş verməsi kimi hadisələr də baş verdi. Bu Qərbin dəstəyi ilə rəsmi Kiyevin Rusiya daxilindəki obyektlərə hücumlar etdiyini təsdiqləyir.

Kreml baş verənləri öz lehinə çevirmək istəyir. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsində Kremlin əsas hədəflərindən biri məhz Kiyevin qara dəniz bağlantılarını kəsməkdir. Prinsip etibarilə hazırda buna böyük ölçüdə də nail olub. Lakin Rusiyanın bu planı Odessa şəhəri ələ keçirilmədən tamamlana bilməz.

Hesab edirəm Rusiya indiki məqamda məhz Odessanı işğal etmək üçün Dnestryanı separatçılarını müharibəyə cəlb etmək istəyir. Dnetryanının qondarma “təhlükəsizlik xidməti” binasının yaxınlığında baş verən partlayış, daha sonra məhz rus radiodalğalarını yayan iki antenanın məhv edilməsi, ardınca isə hərbi hissədə partlayış Kremli məqsədinə böyük ölçüdə yaxınlaşdırmış oldu.

Dnesteryanın muharibəyə qoşulması

Dnesteryanı separatçılarının muharibəyə qoşulması bir neçə aspektdən önəmlidir:

Birincisi, yuxarda qeyd etdiyim kimi, Dnesteryanı separatçılarının müharibəyə qoşulması Rusiyanın Ukraynanın Qara dəniz sahillərini, xüsusilə də Odessanı ələ keçirməsini tezləşdirə bilər. Şimaldan başlanacaq quru hücumuna Kreml dənizdən dəstək verəcək. Odessanın işğal edilməsi isə Ukraynaya Aralıq dənizindən gələcək yardımların kəsilməsi deməkdir.

İkincisi, Kreml Dnestryanı separatçılarını prosesə qoşaraq həm də Ukraynada yeni işğal planlarını reallaşdırmaq istəyir. Məsələ ondadır ki, Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində qeyd etmişdi ki, Ukraynanın hazırkı bir çox əraziləri məhz SSRİ dövründə ona bağışlanıb.
Prinsip etibarilə bu doğrudur. Misal üçün ötən əsrin 30-cu illərində Rumıniyaya məxsus tarixi Besarabya torpaqları SSRİ tərəfindən ilhaq edilərək daha sonra Ukraynaya birləşdirlib. Bu gün tarixi Besarabya torpaqlarının yarısı Moldovaya, yarısı isə Ukraynaya məxsudur. Mümkündür ki, Kreml Dnestryanı separatçılarının müharibəyə qoşulması qarşılığında onlara vaxtilə Ukraynaya verilən Besarabya torpaqlarını vəd edib.

Moldovaya son xəbərdarlıq

Dnestryanı hər nə qədər separatçı respublika olsa da beynəlxalq hüquqa görə, Moldovanın ərazisidir. Bu mənada baş verən partlayışlar həm də rəsmi Kişinyova son xəbərdarlıqdır. Məsələ ondadır ki, Moldovanın qərb meyilli xanım prezidenti Maya Sandu Ukraynaya bir çox sahədə dəstək verir. Xüsusilə ABŞ-dan gələn silahları Moldova ərazisindən keçməsinə şərait yaradır. Kreml isə Moldovanın Ukrayna müharibəsində ən azından neytral qalmasını istəyir. Əks təqdirdə Ukraynadan sonra deyil, elə Ukrayna müharibəsi gedişində Kişinyov Kremlin qəzəbinə tuş gələ bilər.

Prinsip etibarilə Kremlin Kişinyova Ukraynadakı kimi hərbi müdaxilə etməsinə ehtiyacı yoxdur. Bunu qaqauzlar və Dnestryanı üzərindən də edə bilər. Məsələ ondadır ki, Dnestryanın Ukrayna müharibəsinə Kremlin yanında qoşulması separatçıların Ukrayna əraziləri hesabına genişlənməsinə və Moldova qarşısında güc qazanmasına gətirib çıxara bilər.

Qaqauzlara gəldikdə isə onların ayağa qalxması ehtimalı da yüksəkdir. Kremlin dəstəyi ilə qaqauzların separatçı fəaliyyəti hər an başlaya bilər. Onsuz da son zamanlar təbii qaz məsələsinə görə Kişinyovdan incik düşən qaqauzlar öz müqəddəratını təyin etmək eşqinə düşə bilər. Bu isə Moldova üçün arzuolunmaz ssenaridir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş