Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trollar daha çox “fake”profillərlə iş başındadırlar

Trollar daha çox “fake”profillərlə iş başındadırlar


Günümüzdə həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək qeyri-mümkündür. Burada hər yaşdan, hər kateqoriyadan, həm də fərqli fikirli insanları görmək olar. Hər kəs öz zövqünə, marağına və sahəsinə uyğun kontent paylaşmaqda sərbəstdir. Fikirləşirəm ki, şərh və ya rəy yazmaqla həm qarşı tərəfə diqqətimzi göstəririk, həm də faydalı və maraqlı diskussiya aparmış oluruq. Bu yazımda müəllif nöqteyi-nəzərindən yazılan rəylərə göstərməli olduğumuz münasibət haqqında yazacağam.

Səhifəmizdə paylaşdığımız hər hansı bir məzmuna yazılmış şərhə cavab vermək sadə nəzakət qaydasıdır. Ona görə də şərhin məzmunundan asılı olmayaraq mədəni və konkret şəkildə ona cavab vermək lazımdır. Virtual olmayan aləmdə, kimsə sizə nəsə deyəndə, yaxud da soruşanda dinməzcə onun üzünə baxıb durmursunuz ki, elə deyil?

Sosial şəbəkələrdə bəzən neqativ şərhlərlə də qarşılaşa bilərik. Neqativ şərhlər özləri də 2 qrupa bölünür: trollar və təbii neqativ.
Trollar heç bir əsaslı arqument göstərmədən səbəbsiz yerə məzmun sahibini təhqir edən, söyən, başqasının uğurunu həzm edə bilməyən, kimisə qaralamağa, ləkələməyə çalışan, mənfi xüsusiyyətlərə malik insanlardır. Daha çox “fake”profillərlə iş başındadırlar.

Bəzən insanlar hansısa məzmunun altında normal diskussiya apara bilmir, arqument çatışmazlığı görən kimi çarəni söyüş söyməkdə, təhqir etməkdə, qarşı tərəfə hədə-qorxu gəlməkdə görürlər. Bütün aktiv olduğum sosial şəbəkələrdə təhqir, senzuradan kənar ifadələr olan, əsassız faktlar paylaşaraq mübahisə yaradan şərhləri dərhal silirəm və qarşı tərəfə nə üçün sildiyimi izah etməyə çalışıram.

Özündə təbii neqativ cəmləşdirən şərhlərə adekvat cavab vermək lazımdır. Məsələn, adam hansısa fikrinizlə razı deyil, yaxud siz dəqiq olmayan məlumat paylaşmısınız, qarşı tərəf şərh yazaraq sizə etiraz edir. Yaxud da konkret sizinlə bağlı olan hansısa situasiyadan şikayət edir. Siz buna cavab vermirsiniz, ya da dərhal “heç kim görməsin” fikri ilə silirsiniz. Nəticə daha pis ola bilər. Bu, həm sizin reputasiyanıza xələl gətirəcək, həm haqqınızda mənfi fikirlərin digər səhifələrdə yayılmasına səbəb olacaq.

Yadda saxlayın: əgər kimsə sizə sual ünvanlamışsa, siz isə bu suala cavab verməyi lazım görməmisinizsə ("mən məşhur simayam, hamıya cavab vermək mənə yanaşmaz"), bunun özü də sizə qarşı neqativ münasibətə çevrilə bilər. Səhifənizin aktivliyini qoruyub saxlamaq, sosial şəbəkələrdə müsbət imic formalaşdırmaq üçün mütləq bu nüansa fikri vermək lazımdır.

Əgər insanlar şərhlərdə Sizə təşəkkür edirlərsə, mütləq şəkildə buna cavab bildirin. Bu sizin haqqınızda müsbət təəssüratı daha da gücləndirəcək.

Sevinc Qarakişiyeva
Xəbəri paylaş