Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Vətən müharibəsinin ən böyük hadisəsi Şuşanın işğaldan azad edilməsi oldu. Məhz Şuşanın azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında Ermənistanın baş naziri kapitulyasiya bəyanatına imza atmalı oldu. Şuşanın azad edildiyi gün isə Prezident İlham Əliyevin sərəncamı ilə tariximizə Zəfər günü kimi həkk olundu.
Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Həmin günlərdə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdilər.
Bu günlərdə isə Şuşa daha bir tədbirə ev sahibliyi etdi.Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtında keçirildi. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Qurultay iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanını ziyarət edərək, daha sonra Şuşa şəhərinə yola düşüblər. Xatırladaq ki, Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci il noyabrın 9-10-da, ikinci qurultay 2006-cı il martın 16-da, üçüncü qurultay 2011-ci il iyulun 5-6-da, dördüncü qurultay 2016-cı il iyunun 3-4-də keçirilib.
Keçirilən Qurultay dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqına Zəfər yaraşır. Zəfər Qurultayı xalqımızın necə böyük, məğrur və qəhrəman olduğunu bütün dünyaya nümayiş etdirdi.
Tərtər Şəhər Bələdiyyəsinin sədri, YAP fəalı - Tünzalə Vəliyeva