Milli Məclisin deputatı Könül Nurullayeva Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası çərçivəsində “Gender əsaslı zorakılığın qarşısının alınmasında kişi və oğlanların rolu” mövzusunda təkliflərini irəli sürüb. Belə ki, millət vəkili qadın və kişi bərabərliyinin qorunmasının əhəmiyyətindən, genderlərin qanun qarşısında daim bərabər olduğunu qeyd edib.
Newscenter.az-ın xəbərinə görə, K.Nurullayeva, eyni zamanda 2006-cı ildə “Qadın və kişilərin bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, gender bərabərliyinin hüquqi əsasını təşkil edən Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın Milli Məclis tərəfindən ratifikasiya edilməsi və s. bu kimi faktlardan danışıb.
Sonda isə gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində təkliflərini qarşı tərəfin diqqətinə çatdıran millət vəkili, rol model imicinin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, cəmiyyətimizdəki liderlər gender yönümlü kişilik modellərinə istinad etməli, gələcək nəsillər üçün müsbət rol model imici yaratmalıdırlar. Bundan əlavə, Könül Nurullayeva gender bərabərliyinin təbliğ edilməsi məqsədilə interaktiv kurikulumlarin yaradılmasının zəruriliyini də vurğulayıb.
Ruhiyyə