Ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğın hadisəsi ölkədə ərzaq məhsulları ilə təminat məsələsində aparıcı qüvvənin çoxsaylı deyil, yalnız bir və yaxud cəmi iki-üç şirkətin təşkil etməsi faktının nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Bu cür hadisələr hər bir şirkətin başına gələ bilər. Ancaq daxili istehlak bazarı bunu hiss etməməlidir. Əsas tələb olunan məsələ məhz budur !
Məlumata əsasən, yanğın kərə yağlarının yığıldığı soyuducu anbara keçib və burada satışa çıxarılmaq üçün nəzərdə tutulan beş-altı aylıq yağ ehtiyatı olub. Fabrik bir neçə aydır, bu anbarı doldurmağa çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş.
Sözügedən hadisənin istehlak bazarımızda özünü necə büruzə verəcəyi və təsirlərinin ortaya çıxıb, çıxmayacağı bəlli deyil. Lakin "Azərsun" aparıcı şirkətdir və uzun illərdir ki, ölkəmizdə qida istehsalı, tədarükü və idxalı sahəsində həledici rol oynayır. Məsələ bundadır ki, hazırda bu sahədə dünya bazarlarında da böhran hökm sürür. Ərzaq məhsullarının bəzi növləri üzrə qıtlıq və çatışmazlıq olacağı proqnoz edilir. İdxal bahalaşıb və üstəlik çətinləşib.
Sözün qısası, ölkədə ərzaq sarıdan təhlükəsizliyi təmin etmək üçün təcili şəkildə həm yerli istehsal sahəsində, həm də idxal kanallarında diversifikasiyaya (şaxəli vəziyyətə) nail olunmalı, ümumiyyətlə geniş şəkildə rəqabət mühiti formalaşdırılmalı, həm daxildə, həm də xaricdə fors-major halları yaranarkən bunun istehlak bazarımızda təlatümlər ortaya çıxarda bilməsi amilləri aradan mümkün dərəcədə qaldırılmalıdır...
Pərviz Heydərov-iqtisadçı