Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları Qarabağa dair üçtərəfli işçi qrupunun iclası yaxın günlərdə keçiriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib. Onun sözlə görə, bu həftə ərzində XİN xəttilə Bakıda təmaslar da nəzərdə tutulur.
Diplomatik nümayəndə qeyd edib ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına əsas olaraq yüksək səviyyədəki üçtərəfli razılaşmaları görən Rusiya Bakı və İrəvanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının açılması, dövlət sərhədinin delimitasiyasına başlanması, sülh sazişinin razılaşdırılması məsələlərində yaxından çalışmağa davam edir.
Rusiya Azərbaycan və Ermənistanın bir-birinə doğru qarşılıqlı addımlar atmağa hazır olduqlarını qeyd edir. Bununla bağlı yüksək səviyyədə üçtərəfli təmaslarla bağlı işlər görüldüyü də diqqətə çatdırılıb.
“Nəticə gətirən formatlarda həqiqi işlər aparılır. Bu və ya başqa şəkildə mövcud formatlarda qalaraq işlərin getdiyini görürük. Başlıca diqqəti həmin formatlara, həqiqi nəticə verən sənədlərin icra olunmasına yetiririk. Bu nəticəni hər kəs, bütövlükdə region hiss edir” – deyə M.Zaxarova fikrini tamamlayıb.
Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Zaxarova özü də indiyədək dəfələrlə oxşar bəyanatlar veriblər. Qəribəsi isə odur ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində nəticələr çox vaxt Türkiyənin, bəzi hallarda Qərbin vasitəçiliyi nəticəsində mümkün olur. Rusiya isə, əksinə, adətən prosesləri tormuzlatmağa çalışır. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ilk telefon danışığı Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda baş tutdu. Ardınca isə diplomatlar ikinci dəfə danışdılar(Əlbəttə, bu məsələdə rəsmi İrəvanın yeni reallıqları anlaması da mühüm rol oynayır).
İkinci mühüm məqam isə ondan ibarətdir ki, rəsmi İrəvan son vaxtlar loyal açıqlamalar verirdi. Əlaqələrin normallaşmasında maraqlı kimi görünürdü. Ermənistan Baş naziri Nikol Paşinyanın Moksvaya səfərindən sonra səsləndirilən bəyanatların məzmunu dəyişdi. Ardınca təxribat oldu. Sonra isə Ermənistanda Paşinyan əleyhinə aksiyalar başladı. Beləliklə, Kremlin səmimiliyi daha böyük sual altına düşdü.
Rusiya rəsmiləri, o cümlədən Zaxarova zaman- zaman belə açıqlamalar verməklə məsuliyyəti öz boyunlarından atmaq, belə demək mümkünsə, şübhələri yayındırmaq istəyirlər. İkincisi, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində yaxın günlərdə ciddi addımların atılması ehtimalı hər ötən gün artır. Bunu Rusiyada da bilirlər. Ona görə gələcəkdə əldə olunacaq nəticələri özlərinin töhfələri kimi təqdim etmək istəmələri də istisna deyil. Üçüncüsü, Moskva bu yolla proseslərdəki moderatorluq statusunu bərpa etmək istəyir. Və nəhayət, Ermənistanın "özbaşınalığına" görə Paşinyanı pis vəziyyətdə qoyması da mümkündür. Axı İrəvanın regiona dair siyasəti ilə bağlı direktivlər Moskvadan gəlirsə, bunun arxasında da durmalı idi. Ən azından Ermənistan üçün bu, daha arzuolunan idi.
Yəni Kreml ikili oynayır. Bu mənada Rusiya ilə Ermənistan əlaqələrində "çat"ların daha da dərinləşməsi gözləniləndir. Bunun birinci səbəbi Ukrayna ilə müharibə fonunda Rusiyanın tədricən zəifləyəcəyi ehtimalı və dünya siyasətindən təcrid olunmasıdırsa, ikincisi, əməli ilə sözünün üst- üstə düşməməsidir.
Bütün hallarda Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması prosesi davam edəcək. Zaxarovanın dediyi kimi, yaxın günlərdə üçtərəfli işçi qrupun iclasının keçirilməsi və sərhədlərin müəyyənləşdirilməsi bağlı yeni razılıqların əldə olunması mümkündür.
Kənan Novruzov-siyasi ekspert