Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikanın ən məhşur filmlərində Azərbaycan xalçaları

Amerikanın ən məhşur filmlərində Azərbaycan xalçaları


Şəkildə gördüyünüz səhnə Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, İkinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda "Şərəfsiz əclaflar" adlanan bədii filmidir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon dollar çoxdur. Bu film Kriminal qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Diqqətlə baxın, yerdəki xalçaya.

Məşhur filmin elə ilk səhnələrində Qubanın “Zeyvə” xalçasını görürük. “Zeyvə” xalçaları qədim və zəngin tarixə malikdir. Xalçanın adı Qubadan 30 km cənub-şərq istiqamətində yerləşən kəndin adından götürülüb.

Filmdə gördüyümüz kiçikölçülü “Zeyvə” xalçasının ara sahəsində bir-birinin ardınca yerləşdirilmiş ulduz formalı göllər təsvir olunub. Qırmızı yerlikli ara sahədə boş qalan hissələr doldurucu elementlərlə tərtib olunub. Ana haşiyədə isə “Məşəl” haşiyə bəzəyindən istifadə edilib.

Qeyd edim ki, Zeyvə xalçası dünyaca məhşur rəssam Van Eykin "Müqəddəs Məryəm" əsərində Məryəmin ayağının altında da əks edilib. Bundan əlavə biz Amerikanın məhşur filmlərindən olan “Ölü zona” filmində biz dəfələrlə Azərbaycan xalçalarının təsvirini görürük. Onlardan biri “Çıraqlı” xalçası daha çox filmdə göstərilir. Eyni zamanda məhşur "Yalan nəyi gizlədər” filmində Qubanın “Bilici” xalçasını görürük. “Mələk qəlbli” filimində “Qoşabuynuz” elementli Azərbaycan xalçasını, “Can dostum” filmində də “Qarmaqlı” elementli xalçamıza rast gələ bilərik.

Hətta bu gün Türkmənistanın iddialarına baxmayaraq dünya şöhrətli 'Xaç atası" filminin ikinci hissəsində biz Bakı xalçaçılıq məktəbinə məxsus “Ərsin” xalçasını da görə bilərik. 1970-ci ildən etibarən Hollivud filmləri üçün dekorasiya alınan zaman Amerikada 1950-ci illərdə açılmış olan Azərbaycan xalça mağazasının xidmətlərindən istifadə edilib. Bu mağazanın sahibi ikinci dünya müharibəsi illərində legioner olmuş, sonradan Amerikaya köçmüş Əli (təəssüf ki, tam məlumat tapa bilmədim) adlı azərbaycanlı olub. Yəgin ki, Amerikada belə mağazanın sahibi olan azərbaycanlı Əlinin kimliyi nə zamansa ortaya çıxacaq, amma onun Hollivud filmlərinin dekorasiya xidmətləri göstərən şəxs olduğu dəqiq məlumdur...

Dosent Zaur Əliyev
Xəbəri paylaş