Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul edib.
Newscenter.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı ölkəmizdə hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən danışıldı. Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulanıb.
Ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, hökm sürən əmin-amanlığın, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərin turizmin inkişafı üçün çox yaxşı zəmin yaratdığı bildirilib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənovla birlikdə Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
Onların əziz xatirələri dərin ehtiram hissi ilə yad edilib və məzarları önünə gül dəstələri qoyulub.
Sevinc