Ukraynanın Xarkov vilayətində bir sıra yaşayış məntəqələri azad edilib.
"Report" bu barədə UNİAN-a istinadən xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Verxnaya Roqanka, Russkaya Lozova, Slobodskoya və Prilesnoye yaşayış məntəqələrinə nəzarət bərpa edilib.
Qeyd olunur ki, Rusiya hərbçiləri Slobojanski istiqamətində Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir. Bundan əlavə, qarşı tərəf İzyum-Barvenkovo və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edir.
Rusiya hərbçiləri, həmçinin Velka Kamışevaxa, İvanovka, Krasnı, Kurulka, Dovgenka, Novaya Dmitriyevka və Barvenkovo yaşayış məntəqələrində pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin havadan kəşfiyyatını həyata keçirir.
Bundan əvvəl Müdafiə Nazirliyi məlumat verib ki, Rusiya qoşunları Ukraynanın şərqində bütün istiqamətlərdə eyni vaxtda hücumun intensivliyini artırır, onların ən böyük fəallığı Slobojanski və Donetskdədir. Nazirliyə görə, eyni zamanda, Rusiya ərazisində tam səfərbərlik ehtimalı da istisna edilmir.