Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə “Araz” və OBA marketlər şəbəkələrinin sahibi olan Veysəloğlu Şirkətlər Qrupu arasında görüş keçirilib.
Newscenter.az-a Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının ictimaiyyətlə əlaqələr və analitika departamentindən daxil olan xəbərə görə, şirkətlər Qrupunun təşəbbüsü əsasında baş tutan görüşdə Veysəloğlu şirkətini Müşahidə Şurasının üzvü İlqar Nuri, "Araz" və OBA şəbəkələrinin səlahiyyətli şəxsləri, Assosiasiyanı isə İdarə Heyətinin sədri Mürvət Həsənli, bir sıra iri quş əti istehsalçısı olan şirkətlərin rəhbərləri təmsil edib.
Assosiasiya rəhbəri Mürvət Həsənlinin verdiyi məlumata görə, görüş konstruktiv müzakirələrlə keçib: “Biz şəbəkələrlə işləyərkən üzləşdiyimiz çətinlikləri onların diqqətinə çatdırdıq. Onlar kiçik istisnalarla bizim qaldırdığımız məsələlərlə razılaşdılar. Təqdirəlayiq haldır ki, Veysəloğlu Şirkətlər Qrupu yerli istehsalçılara dəstək vermək, onların problemlərini həll etmək istəyini ifadə etdi”.
Görüşün yekunu olaraq quş əti istehsalçılarının hər biri ilə Şirkətlər Qrupunda görüş-müzakirələrin keçirilməsi, üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün konkret tədbirlərin müəyyənləşdirilməsi barədə razılığa gəlinib. Şirkətlər Qrupu istehsalçıların hüquqlarını müdafiə edən vahid qurum kimi Assosiasiya ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Sevinc