Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Ermənistanla münasibətlərin normallaşmasının Ermənistan üçün yeni imkanlar yaradacağını bir daha vurğuladı.
30 illik münaqişə göstərdi ki, bu müddətdə Ermənistan yanlış yolda olub, müharibə bu dövlətə və xalqa yalnız yeni faciələr gətirib, Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistan 30 illik acı tarixdən və 44 günlük müharibədə yaşadığı ağır məğlubiyyətdən ciddi nəticə çıxarmalıdır.
Bu gün Azərbaycanla münasibətlərin normallaşması üçün Ermənistana yeni fürsət və imkanlar yaradılıb. Ermənistan bu imkanlardan düzgün istifadə etməlidir, bu imkan hər zaman olmayacaq. Ermənistanda yenidən revanşist meyllərin artması bu ölkəyə yalnız və yalnız yeni faciələr gətirəcək. 44 günlük müharibə bunu açıq göstərdi.
Prezident İlham Əliyev konfransda onu da qeyd etdi ki, Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük maliyyə paketini elan edib. Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf olunmalıdır. Ermənistanın çox az sayda əhalisini nəzərə alsaq ki, fikrimcə, bu, revanş və qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf edilərsə, onda artıqlaması ilə kifayət edəcək.
Bu imkan və reallıqları nəzər alaraq Ermənistan ciddi düşünməli, mövqeyini konkretləşdirməli, sülh müqaviləsinin imzalanması üçün tarix bildirməlidir. Azərbaycan bütün konstruktiv müzakirələrə hazırdır. Əslində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıq konteksində Ermənistanın başqa seçimi yoxdur.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı