Bugündən Azərbaycanda tənəffüs vasitələrini qoruyan fərdi vasitələrdən, o sıradan maskadan istifadə ilə bağlı tələb qüvvədən düşür. Amma hələ də Azərbaycana giriş çıxış hava yolları ilə davam etdirilir, ölkənin quru sərhədləri qapalıdır. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilə bu ədalətsizliyə son qoyulmalıdır. Fikrimcə, hər kəsi bahalı avia biletlər alıb ölkəyə gəlməyə və ölkədən getməyə məcbur edib hərəkəti məhdudlaşdırmaq siyasi, xarici səfərlərlə bağlı məsrəfləri hava nəqliyyatı şirkətlərinə, xüsusilə də Azal və Butaya yönəltmək həm də korporativ maraqlardan irəli gəlir və səyahətçilərin xərclərini, avia şirkətlərin qazanclarını artırır.
Təsəvvür edin ki, Qazax sakini Tiflisə getmək üçün avtomobillə 6 -7 saata Bakıya gəlməli və aeroporta gedib Tiflisə uçmalıdır. Halbuki, Qazaxdan Tiflisə avtomobillə 2 saata çatmaq mümkündür. Quru yollarının bağlı qalması Gürcüstana gələn Azərbaycanı da görmək istəyən turistlərin xərclərini də artırdığından ölkəmiz həm də turist, bir sözlə qazanc itirir. Eyni zamanda Rusiyadan, Gürcüstandan, İrandan Ramazan bayramı münasibətilə və ya digər səbəblərdən ölkəyə qayıtmaq istəyənlər eyni problemləri yaşayırlar.
Odur ki, bu qadağa ən qısamüddətdə aradan götürülməli və 2 ildən çoxdur ki, bağlanan quru yollarla Azərbaycana giriş-çıxış bərpa olunmalıdır. Necə ola bilər ki, ermənilər bunu istisnasız və məhdudiyyətsiz edərək, Xankəndinə gələ və gedə bilirlər, amma biz ölkəmizə ucuz nəqliyyat vasitələrindən istifadə edib, quru yollarla Azərbaycana giriş-çıxış edə bilmirik. Cənablar, açın quru yolları və vətəndaşları ölkəyə buraxın! Səyahətçiləri, xüsusilə də ölkə vətəndaşlarını Azal vasitəsilə öz biznesinizə xeyir verməyə məcbur etməyin! Bu ilk növbədə Azərbaycan xalqına münasibətdə böyük ədalətsizlikdir.
Qubad İbadoğlu-iqtisadçı