Narkotiklərin qanunsuz dövriyysi ilə məşğul olan 15 nəfər saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ötən gün keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən daha 11 nəfər saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə aşkar edilib
Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 15 nəfər tutulub. Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin tədarükünü həyata keçirən əsas şəxslər, qalan 11 nəfəri isə onlar üçün narkokuryerlik edənlər olub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.