Cari ilin 2 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Axaltsix şəhərində Axaltsix və ətraf ərazilərdə yaşayan, əsasən Azərbaycan vətəndaşları olan ahıska türkləri üçün iftar süfrəsi təşkil edilib.
Newscenter.az xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları ilə yanaşı Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Türkiyənin Dəyanət İşləri Bakanlığının Gürcüstan nümayəndəsi Ahmet Erdem və Türkiyə Səfirliyinin əməkdaşları, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin regional nümayəndəsi Elvardi Zazadze, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Samtsxe-Cavaxetiya müftisi Mamuka Vaşakmadze, Axaltsix imamı Şövkət Dvalidze, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Gürcüstan nümayəndəsi Bayram Köçəliyev, yerli ahıska türkləri iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Faiq Quliyev tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib, oruc və dualarının qəbul olunmasını diləyib. Gürcüstanda ahıska türklərinin öz dədə-baba torpaqlarında yaşadığını qeyd edən səfir Faiq Quliyev onların yerli cəmiyyətə inteqrasiyasında Azərbaycan dövlətinin daim dəstək göstərəcəyini xüsusi vurğulayıb.
Həmçinin, səfir Faiq Quliyev Vətən müharibəsində şəhid olmuş 9 Azərbaycan vətəndaşı olan ahıska türkünə Allahdan rəhmət diləyib. İftar süfrəsindən sonra səfir Faiq Quliyev Azərbaycan vətəndaşı olan ahıska türklərinin problemləri ilə maraqlanmış, onların müvafiq suallarını cavablandırıb. Eyni zamanda, tədbirdə iştirak edən ahıska türkü ailələrinə Ramazan bayramı ilə əlaqədar ərzaq yardımları da təqdim edilib.
Mehman