"Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur".
Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var.
“Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək”, - deyə Prezident İlham Əliyev əlavə edib.