Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın din xadimləri Qarabağa səfər edəcək

Gürcüstanın din xadimləri Qarabağa səfər edəcək


Gürcüstanın din xadimlərinin Qarabağa səfəri təşkil olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli şəhərində Ramazan bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, səfirlik səfəri qısa zamanda təşkil etməyi planlaşdırır.

Səfir deyib ki, Azərbaycana yollanacaq din xadimlərinin işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə dua və ibadət etmək imkanı olacaq və bu ziyarət 30 illik həsrətə son qoyacaq.

F.Quliyev Ramazan ayının xeyirin şərə üstün gəldiyi ay olduğunu bildirib: “Biz – Azərbaycan dövləti və dünya azərbaycanlıları şərin üzərində zəfər əldə etmişik. 2020-ci ilin noyabrında biz Qarabağı, Şuşanı işğaldan azad etdik. Bu gün Qarabağ dirçəlir və çiçəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən düşmənin dağıtdığı məscidlər, ibadət və dini ocaqlarımız təmir-bərpa olunur, ətraflarında yenidənqurma işləri aparılır. Artıq Şuşada, Qarabağda azan səsi eşidilir, dua və ibadətlər olunur”.

Səfir Ramazan bayramı günündə Gürcüstandakı soydaşlarla bir yerdə olmasından məmnunluq ifadə edib. O, azərbaycanlıları bayram münasibətilə təbrik edərək onlara cansağlığı, firavan həyat və müqəddəs ayda tutulan oruc, edilən ibadət və niyyətlərin Allah tərəfindən qəbul edilməsini arzulayıb.

Marneulidəki İmam Əli Məscidi və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkil etdiyi bayram tədbirinə Marneuli bələdiyyəsinin üzvləri, din xadimləri və yerli sakinlər qatılıb. Mərasimdə Ramazan ayının fəzilətindən danışılıb, dini mövzuda mahnılar təqdim edilib.

Azərbaycan səfirliyi adından bayram münasibətilə idarəyə və məscidə Qurani-Kərim kitabları hədiyyə olunub.
Xəbəri paylaş