Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfər çərçivəsində Holokost Memorial Muzeyinə baş çəkib.
Newscenter.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, eksponatlarla yaxından tanış olduqdan sonra nazirin ABŞ Holokost Memorial Şurasının sədri Stüart Eysenstatla bir sıra məsələlər üzərində müzakirəsi baş tutub. Azərbaycanın multikultural dəyərlərindən bəhs edən A. Kərimov həmçinin əsrlər boyu ölkəmizdə yaşayıb-yaradan yəhudi icması haqda da məlumat verib.
Nazir bildirib ki, ölkəmizdə yerləşən Quba Soyqırımı Memorial Kompleksi azərbaycanlılara və yəhudilərə qarşı törədilmiş soyqırımın rəmzi olaraq hər zaman dərin sayğı ilə anılır. Bu gün Holokost soyqırımı hətta məktəb dərsliklərində də yer alıb.
Azərbaycan illərdir ki, antisemitizmlə mübarizəyə həsr olunmuş konfranslara, müxtəlif səpgili tədbirlərə ev sahibliyi edir.
Görüş zamanı Holokost Memorial Muzeyinin yəhudilərə qarşı törədilmiş soyqırımın gələcək nəsillərə çatdırılmasında daşıdığı böyük önəmdən bəhs olunub. Həmçinin bu sahədə Quba Soyqırımı Memorial Kompleksi ilə gələcək əməkdaşlığın, arxiv materialların üzə çıxarılmasının və təbliğinin, məlumat mübadiləsinin vacibliyi vurğulanıb.
Elə həmin gün Anar Kərimov tanınmış caz ifaçısı, pianoçu Əminə Fiqarovanın rəhbərlik etdiyi musiqi qrupunun konsert proqramında iştirak edib.
Sevinc