Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına böyük töhfə verib

Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına böyük töhfə verib


Tarix boyu Azərbaycan xalqı qələbə əzmi və mübarizliyi ilə seçilmiş, tarixə qəhrəman xalq kimi həkk olmuşdur. Hər zaman şücaəti ilə fərqlənən Azərbaycan, İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında özünəməxsus rol oynamış, qələbəyə böyük töhfə vermişdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Böyük Vətən Müharibəsinin başlaması ilə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi və Azərbaycanın 600 mindən çox oğul və qızı cəbhəyə yola düşdü:

“Qələbədə böyük rol oynayan Azərbaycan xalqının igid oğul və qızları göstərdikləri şücaətə görə bir sıra medallarla təltif edilmişdir. Belə ki, 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında yaxından iştirak edən qəhrəman azərbaycan övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşdür. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarına layiq görülmüşdür.”

Göstərdikləri qəhrəmanlığa görə qəhrəman oğullarımızın adları tarixə düşmüşdür. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədov, Leninqradın müdafiəsi zamanı ölümcül yaralanmasına baxmayaraq təyyarəsini yerə endirən Hüseynbala Əliyev öz adlarını tarixə həkk etmişdir. İgid oğullarımızla yanaşı qəhrəman qadınlarımız da böyük şücaət göstərmişdir. Təyyarəçi Züleyxa Seyidməmmədova, snayperçi Ziba Səlimova, gəmi kapitanı Şövkət Səlimova və başqa qadın həmvətənlərimiz də göstərdikləri qəhrəmanlıqla adlarını tarixə yazmışdır– deyən Sədaqət Vəliyeva əlavə edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri də Bakı nefti idi. Neftçilərimiz böyük çətinliklərə baxmayaraq, fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin etmişdir:

“Təyyarələrin, tankların, avtomobillərin 80 faizi Bakı benzini ilə işləyirdi. Müharibə illərində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Ümumiyyətlə, Azərbaycan ikinci dünya müharibəsi zamanı 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdir.

Azərbaycan xalqı ön cəbhə ilə yanaşı arxa cəbhədə də böyük əmək hünəri göstərmiş, gecə-gündüz fədakarlıqla çalışmışdır.
Ölkəmizdə hər il faşizm üzərində tarixi Qələbənin ildönümü böyük təntənə ilə qeyd edilir, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunur. Ölkə baçşçısı, cənab Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarını hər zaman xüsusi diqqətdə saxlamış, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sərəncamlar imzalamışdır. Müsahibələrinin birində cənab Prezident İlham Əliyev Böyük Vətən müharibəsi haqqında bu fikirləri söyləmişdir: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”

Əlbətdə bütün bunlar, ölkə başçısı, Cənab Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına olan diqqət və qayğısının göstəricisidir. ”

Ruhiyyə


Xəbəri paylaş