“Dünyanın 23 ölkəsindən gəlmiş 40-a qədər beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Prezident İlham Əliyevin sərrast çıxışı, səslənən suallara verdiyi dolğun cavablar bir daha Azərbaycanın həm regional, həm qlobal baxışını, həm də geosiyasi problemlərlə əlaqədar ölkəmizin qəti mövqeyini nümayiş etdirmiş oldu. Digər tərəfdən sual-cavab, qarşılıqlı fikir mübadiləsi, müzakirə formasında keçirilmiş konfransın nəticəsi olaraq ortaya çıxmış ümumi mənzərə Prezident İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olmasını, əsl liderlik keyfiyyətlərini, dünyada baş verən proseslər barədə yüksək məlumatlılıq səviyyəsini bir daha göstərmiş oldu”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev konfransda Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi təcavüzkarlıq siyasətini faktlarla işfa edib, erməni vandalizminin təzahürlərini diqqətə çatdırıb, həmçinin bir sıra hallara özünü büruzə verən beynəlxalq ikili standartlardan da danışıb:
“Bu konfrans eyni zamanda Azərbaycanın Vətən müharibəsindən sonrakı müddət ərzində qalib ölkə kimi regionda sülhü və əməkdaşlığı təşviq etməsi barədə konkret mövqeyini də ortaya qoyub. Heç şübhəsiz ki, Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi, bu istiqamətdə təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu mənada, hazırda vəziyyət belədir ki, Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün təklif etdiyi 5 prinsipi qəbul edib və bunlar Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Ona görə də, Ermənistan bundan sonra da daha rasional düşünməli, Azərbaycanın sülh və əməkdaşlıq çağırışlarına müsbət cavab verməlidir. Belə olacağı təqdirdə Ermənistan siyasi və iqtisadi dalandan çıxa, regional inkişaf proseslərinin bir hissəsinə çevrilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”.
“Prezident İlham Əliyev çıxışında xüsusi olaraq Azərbaycanın polietnik ölkə olmasına diqqət çəkib və Qarabağda yaşayan ermənilərin vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz, rahat hiss edə biləcəklərini aydın şəkildə ifadə edib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ermənilərin iradəsindən asılı olmayaraq, onlar şəraitində yaşamalı olacaqlar:
“Sirr deyil ki, hazırda Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri də öz vətəndaşları hesab edir. Bu prizmada ermənilər tezliklə anlamalıdırlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq, digər bütün etnik qruplar kimi ermənilər də sülh və ləyaqət içində yaşayacaqlar”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, konfransda Prezident İlham Əliyevin Azərbaycanın Türkiyə, Rusiya, Fransa, Avropa İttifaqı, Çin və başqa ölkələrə münasibətdə mövqeyini, əməkdaşlıq əlaqələrini, bu istiqamətlərdə perspektiv düşüncələrini, eləcə də Zəngəzur dəhlizi barədə də fikirlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bir sözlə, “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” konfransı Prezident İlham Əliyevin əsl liderlik keyfiyyətləri və Azərbaycanın geosiyasi proseslərdə yeri və rolu baxımdan yadda qalan olub.
Ruhiyyə