Bir neçə gündür ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Müxalifət nümayəndələri yolları bağlayırlar. Onlar Baş nazir Nikol Paşinyanı satqınlıqda günahlandırır və hakimiyyətin dəyişməyini tələb edirlər. Müxalifət liderlərinin sözlərinə görə, etirazçılar kifayət qədər olsa, Paşinyanı devirmək mümkün olacaq.
Maraqlıdır ki, son vaxtlaradək ölkədə daxili vəziyyət stabil idi. Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən və Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra isə durum dəyişdi: həm daxildə etiraz aksiyaları başlandı, həm də sərhəddə təxribatlar intensivləşdi.
Nəzərə almaq lazımdır ki, Ermənistanın müxtəlif rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan və başqaları Moskva səfərinədək Aəzrbaycanla sülh danışıqlarında maraqlı olduqlarını söyləyirdilər. Putinlə Paşinyan arasındakı görüşdən sonra səslənən bəyanatların məzmunu dəyişdi.
Bütün bunlar onu göstərir ki, gözlənildiyi kimi də oldu: Moskvanın İrəvana təzyiqləri artmaqdadır. Bu isə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin gündəmə gəlməsi, birbaşa təmasların yaranması, həmçinin Qərbin bu məsələdəki təşəbbüskarlığı ilə bağlıdır. ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş və əldə olunan razılıqlar da, şübhəsiz, Kremli narahat etməmiş deyil.
Görünür, Moskva görüşü Putinin ürəyincə olmayıb. Hətta, ola bilsin, Kreml Ermənistanı Qərbdən “qoparmaq” üçün Ukrayna ilə müharibədə konkret mövqe sərgiləyəcəyinə dair Paşinyandan təzminat istəyib, lakin buna nail olmayıb. Ona görə də indi Kremli cəzalandırmaq, belə demək mümkünsə, Paşinyanın “ağlını başına gətirmək” qərarına gəlib.
Aksiyalar, yəqin ki, o qədər çox çəkməyəcək. İndiki məqamda Paşinyanın devrilməsi və hakimiyyətə “Qarabağ klanı”nın üzvlərinin gəlməsi Putin üçün üçün prioritet deyil. Ən azından ona görə ki, indi onu düşündürən daha vacib məsələlər var. Amma, çox güman, mitinq Paşinyan təhlükəni hiss edənədək davam edəcək. Kremlə lazım olan da budur. Yaxın günlərdə Putinlə Paşinyan arasında telefon danışığının olması, hətta yaxın iki həftə ərzində baş nazirinin yenidən Moskvaya səfər etməsi istisna deyil. Beləliklə, Putin ötən görüşdə nail olmadığı məqsədlərini indi reallaşdırmağa çalışa bilər. Xatırladaq ki, bu məqsədlər arasında Azərbaycanla Ermənistanın yaxınlaşmasına mane olmaq, Qərblə İrəvanın “arasını vurmaq” və s. var.
Kənan Novruzov-siyasi ekspert