
Hər dəfə Ukraynanın Prezidenti V.Zelenski ilə bağlı tənqidi bir fikir və ya bir sıra xarici quvvələrin Ukraynanı özlərinin oyunlarının qurbanına çevirməsi və Zelensikinin də ya bilərəkdən, ya da bilməyərəkdən bu oyunun tərkib hissəsinə çevrilməsinə dair mövqe bildirəndə sanki bəzi həmvətənlərimizin ən yaralı yerinə toxunuruq.
Əsaslı və ya əsassız Zelenskinin ölkəsini tərk etməməsi, hərbi geyimdə ruslara qarşı müharibədə birbaşa iştirak etməsi və Ukraynanın demokratik Qərbə inteqrasiya etməsi uğrunda hər şeyi qurban verməyə hazır olması ilə bağlı qəhrəmanlığına dair pafoslu və populist çıxışların hədəfinə tuş gəlirik. Hələ bunu bir kənara qoyaq, özümüzün təcrübəmizdən otuz ildir ki, çox gözəl tanıdığımız Qərbin və ABŞ-ın ünvanına da bir fikir söyləmək olmur!
Təbii ki, uzun illər ərzində işğalın, ədalətsiz müharibənin, 20 yanvarın, Xocalının və çoxlu bu kimi faciələrin ağrısını, acısını çəkmiş bir çox həmvətənlərimizin reaksiyasını anlamaq mümkündür. Ancaq bəzi insanların da əsassız və düşünülməmiş fikirlərinin də başa düşülməsi qeyri-mümkündür.
İlk öncə onu qeyd edim ki, səmimi Ukrayna xalqının qəhrəmanlığına zərrə qədər şübhə etməyi və onu qınamağı əsla qəbul etmirəm. Müstəqil Ukrayna dövlətinin ərazisinə hər hansısa müdaxiləni də tam qanunsuz hesab edir, Rusiyanın bu addımını və hətta Rusiya dövlətinə qarşı Ukrayna ərazisində digər dövlətlər tərəfindən ciddi təhlükə varsa belə onu bu şəkildə həll etmək cəhdini imperialist maraqlara xidmət edən addım sayıram!
Digər tərəfdən də, düşünürəm ki, Zelenski Ukrayna dövlətinin Prezidentidir və ən son məqama qədər prosesin müharibə həddinə gəlməsini əngəlləməli, problemin diplomatik və danışıqlar yolu ilə həllinə çalışmalı idi.
Yox əgər diplomatik yol nəticə vermirsə, Ali Baş Komandanı olduğuna görə Ukrayna hərbçiləri ilə çiyin-çiyinə döyüşmək onun əsas və konstitusion vəzifələrindəndir ki, burada da qeyri-adi heç nə yoxdur!
ABŞ-ı və Qərbi əsassız və kor-koranə müdafiə edənlərə isə sadəcə mat qalamaq olar. Bu həmin ABŞ və Qərbdir ki, dünyada milyonlarla insanın ölümünə səbəb olan müstəmləkə müharibələrini əsrlərlə davam etdirib.
Həmin ABŞ və Qərbdir ki, demokratiya və insan hüquq və azadlıqları ixrac etmək adı ilə çoxlu sayda dövlətləri və yüzlərlə şəhər və minlərlə yaşayış məntəqələrini yerlə bir edib.
Elə yenə də, həmin ABŞ-dır ki, bəşəriyyət tarixində ən böyük cinayət hesab olunan nüvə silahından ilk və hələ ki, yeganə dəfə günasız insanlara qarşı istifadə edib. Bu gün dünyada vəhşiliyi və barbarlığa tuş gələn şəhər və digər yaşayış məntəqələri (elə bizim Ağdamımız da daxil olmaqla) ABŞ-ın Xirosima və Naqasaki əsərləri ilə müqayisə edilir!
İnsanlıq tarixində həm miqyası, həm davam ediciliyi və həm də həyata keçirilmə üsulları baxımından analoqu olmayan soyqırımı və etnik təmizləmə cinayəti də ABŞ tərəfindən hindulara və digər yerli xalqlara qarşı edilib.
Eyni Qərb və ABŞ-dır ki, əlləri milyonlarla müsəlmanın qanına batmış, Əl-qaidə, İşid, Əl nusra və digər terror təşkilatlarını özünün məqsədləri üçün yaratmış onların əli ilə çoxlu cinayətlər həyata keçirmişdir.
Məlum ABŞ və Qərbdir ki, lazım gələndə özü yaratdığı BMT-nin qərarı və razılığı olmadan dövlətlərin ərazi bütövlüyünə müdaxilə edib körpə, uşaq, qoca və qadın demədən bütün insanların üzərinə tonlarla bombalar tökmüş və bunu isə dünyaya demokratikləşdirmə prosesi adı altında təqdim edib.
Yenə həmin ABŞ və Qərbdir ki, Ərəb baharı kompaniyası adı altında müsəlmanların yer aldığı dövlətlərdə eyni ilə Ukraynada bu gün baş verən hadisələrdən də ağırını törətmiş, milyonlarla insanın öz ölkələrindən məcburi qaçqın düşmələrinə, çoxlu sayda insanın da ölümünə və itkin düşməsinə səbəb olub.
Son illərə qədər qadınların sadə seçki və sürücülük hüquqlarının olmadığı Səudiyyə Ərəbistanına maraqlarına xidmət etdiyi üçün göz yumub, İraqa və Liviya kimi dövlətlərə isə yenə də maraqlarına uyğun olduğu üçün tam qanunsuz daxil olaraq birinin rəhbərini islam dünyasının ən müqəddəs bayramı olan Qurban bayramında asan, digərinin rəhbərini isə küçədə, küçə qaydalarına uyğun və ən ləyaqətsiz şəkildə öldürdən də indi Ukraynada insanlıq və ədalət simvoluna çevrilən ABŞ və Qərb olub.
Ancaq həmin ən demokratik dövlət olan ABŞ-ın ən demokratik Prezidentlərindən biri hesab olunan F.D.Ruzvelt ötən əsrin ən qəddar despotlarından olan Nikaraquanın cəlladı Somosanın cəzalandırılması təklifinə “Somosa qancıq olsa da, öz qancığımızdır” deyə cavab vermişdi. Onunla yanaşı Çili, Haiti və Dominikan kimi dövlətlərin diktatorları da sadəcə Sovetlər İttifaqına qarşı olduqları üçün ABŞ-ın mühafizə orderini qazandılar.
İnsanlıq tarixində ən ağır kütləvi cinayətləri törədən şəxslərdən hesab olunan Slobodan Miloşeviç və onun ətrafının müsəlmanlara qarşı etdiklərinin cavabı dərhal ölümə məhkum etmək olduğu halda onların öz əcəlləri ilə ölmələrini gözləyənə qədər hərbi tribunal şousunu uzadan da ABŞ və Qərb oldu.
Azərbaycana və azərbaycanlılara qarşı 30 ilə yaxın müddətdə bütün vəhşilikləri və ən ağır cinayətləri törədən Ermənistana qarşı heç bir addım atmayan və sadəcə kağız parçası kimi tarixə qovuşan dörd qətnamə qəbul etməklə başımızın altına yastıq qoymağa çalışanlara da ABŞ və Qərb rəhbərlik edirdi.
Xocalıda, Başlıbeldə, Daşaltıda ölən və qarda donan körpələri, qocaları və qadınları üzündəki məsumluğu ilə istənilən insanı göz yaşlarına qərq edən 14 aylıq Zəhranı və Gəncədəki terrorda valideynlərsiz qalan günahsız körpələri bircə dəfə də olsa BBC, CNN və digər ruporları kimi istifadə edən kanallarda da göstərməyən indi çoxlarının səmimi hesab etdiyi ABŞ və Qərb idi.
Ərazilərimizi işğaldan azad etmək üçün heç nə etməyən dünyanın əvəzinə özümüz iş gördüyümüz günlərdə belə, Prezident İlham Əliyevə həyasızcasına təxribatçı sualları vermək üçün ölkəmizə casus jurnalistləri göndərən də ABŞ və Qərb oldu.
Sovetlər Birliyinin süquta uğramasından sonra yaranan dövlətlərdə “azadlığa dəstək aktı”na uyğun yardımla bağlı, yalnız və yalnız Azərbaycana məhdudiyyət qoyan, hələ də 907 saylı o bədnam düzəlişi tam götürmək istəməyən də ABŞ-dır cənablar! Ötən ilin dekabr ayında “Demokratiya zirvəsi” adlı bir tədbir keçirib, Azərbaycanı və Türkiyəni ora dəvət etməməsi bir kənara, Ermənistan kimi antidemokratik və dövlət adına ləkə olan bir ölkəni ora dəvət edən də ABŞ və onun ukraynapərəst Prezidenti olmağa çalışan əslində isə əsil ermənipərəst Co Bayden idi.
Ona görə də, gəlin ən yaxşı halda bir-birimizin fikirlərinə hörmətlə yanaşaq və heç olmasa nəticələri gözləyək. Ancaq mən yenə də fikrimdə qalıram ki, Ukrayna Qərb və ABŞ üçün özünün böyük planları ilə bağlı növbəti qurbandır. Məqsəd isə, Rusiyanı, Çini, İranı, Hindistanı və hətta Türkiyəni belə Yuqoslaviyanı etdikləri kimi kiçik və daha rahat şəkildə idarə ediləcək dövlətlərə parçalamaqdır!
Xəyal Bəşirov-Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri











































