Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans keçirilir


Bu gün Gülüstan sarayında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyu, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco, 14 ölkənin rəsmiləri, eləcə də 11 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxsləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan İnam Kərimov bildirib ki, COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır: “Bu çağırışlar ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoyub. FAO-nun “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”.

Azərbaycanın regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu deyən nazir əlavə edib ki, əsas hədəf iqtisadiyyatı şaxələndirməklə milli ərzaq təhlükəsizliyi sistemini inkişaf etdirməkdir: “Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Bu dəyişiklik həm də bizə iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir. Biz həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə edirik. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə ağıllı kənd layihələrini həyata keçirməklə FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi veririk”.

Konfransda çıxış edən FAO-nun Baş Direktoru Qu Dongyu ərzaq təhlükəsizliyi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələrinə toxunub. Qu Donqyu bildirib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması vacibdir: “Biz rəqəmsal texnologiyaların geniş tətbiqi ilə kənd təsərrüfatı sahəsinin üzləşdiyi riskləri minimuma endirə, məhsuldarlığı artıra bilərik”.

Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco isə qeyd edib ki, rəqəmsallaşma prosesi öz növbəsində yeni çağırışlar formalaşdırır. Rəqəmsal texnologiyaların tətbiqi aqrobiznes dəyər zəncirinin formasını dəyişdirməklə istehsal proseslərinin səmərəliliyiynə, iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verəcək. Bununla yanaşı, dinamik inkişaf edən rəqəmsal texnologiyaların xüsusiyyətləri nəzərə alınmaqla mövcud çağırışlara uyğun olaraq məhsul istehsalı prosesində ənənəvi üsullara, yeni potensialların müəyyənləşdirilməsinə elmi prinsiplər əsasında baxılmalıdır.

Kənd təsərrüfatı sahəsini Azərbaycan iqtisadiyyatının ən strateji sahələrindən biri olduğunu deyən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, bu gün rəqəmsal kənd təsərrüfatına keçid təkcə kənd təsərrüfatı sektoru, gələcək ərzaq bazarı və istehlakın təkamülü üçün həlledici addım deyil, həm də ekoloji aspektlərlə əlaqəli davamlı və inklüziv kənd təsərrüfatına yol açır: “Suya qənaət edən texnologiyalardan istifadə və kənd təsərrüfatı torpaqlarının və otlaqların səmərəli idarə edilməsi iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün həlledici əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış, “ağıllı kənd” və “yaşıl kənd təsərrüfatı” yanaşmalarının tətbiqi ölkənin ərzaq təhlükəsizliyi hədəflərinə birbaşa töhfə verəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə “Yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı hazırlayıb. Bu proqram ətraf mühitə mənfi təsirlərin yumşaldılması, istixana qazlarının azaldılması, aqrobağların salınması, su, torpaq və meşə ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunması, akvakulturanın və orqanik kənd təsərrüfatının inkişafına dəstək verilməsi, institusional potensialın gücləndirilməsini nəzərdə tutur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində görülən işlərdən danışıb. Qoşqar Təhməzli vurğulayıb ki, bütün dünyada olduğu kimi Azərbaycanda da qida təhlükəsizliyi sahəsində rəqəmsal həllərin tətbiqi yeni imkanlar yaradır. Bu sahədə ənənəvi nəzarət sisteminin müasir texnologiyalar, rəqəmsal və innovativ həllərlə əvəzlənməsi daha effektiv sistemin qurulmasında mühüm rol oynayır.

Çıxışlardan sonra Azərbaycanda davamlı və inklüziv kənd təsərrüfatı sistemlərinin inkişafını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra FAO-nun Baş iqtisadçısı Maximo Torero “Aqroərzaq sistemlərinin davamlı transformasiyası üçün rəqəmsal texnologiyalar”, Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov “Elektron kənd təsərrüfatı - kənd təsərrüfatı sistemlərinin rəqəmsallaşdırılması üzrə Azərbaycan təcrübəsi” mövzularında təqdimat keçirib.

Təqdimatlardan sonra konfrans iştirakçıları xatirə fotosu çəkdiriblər.

Daha sonra kənd təsərrüfatı naziri İnam Kərimov və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyu arasında görüş keçirilib. Görüşdə ölkəmizdə kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğu qeyd olunub. Aqrar sahənin inkişafının prioritet olduğu vurğulanıb, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi və bu istiqamətdə aparılan islahatlar diqqətə çatdırılıb. Görüşdə həmçinin, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Konfrans çərçivəsində Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın mövcud potensiala uyğun olaraq daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Konfrans işini panel sessiyalarla davam etdirir.

Sevinc
Xəbəri paylaş