Son günlər Ermənistanda keçirilən, siyasi şou məqsədi daşıyan mitinqlər heç bir əhəmiyyət kəsb etmir və Ermənistanı uçuruma aparır. Bununla yanaşı bu mitinqlər Ermənistanda mövcud olan ağır sosial, iqtisadi, siyasi böhranı daha da dərinləşdirir. Mitinqlərin əsas təşkilatçıları isə Ermənistan xalqını illər ərzində öz yalanları ilə aldadan Sarkisyan-Köçəryan cütlüyü və onların rəhbərlik etdiyi radikal müxalifət və revanşist qüvvələrdir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, danılmaz reallıqdır ki, bu gün Ermənistan xalqı müharibə istəmir və onlara sülh lazımdır:
“Eyni zamanda Ermənistanın xilası və mövcud ağır vəziyyətdən çıxış yolu Azərbaycanla münasibətlərin normallaşmasından və sülh müqaviləsinin bağlanmasından asılıdır. Ermənistanda müharibə istəyən qüvvələr isə Sarkisyan-Köçəryan cütlüyü və onların rəhbərlik etdiyi radikal müxalifət və revanşist qüvvələrdir. Artıq erməni cəmiyyəti də Sarkisyan-Köçəryan cütlüyünün yalanlarından, şou xarakterli hərəkətlərindən cana doyub və yaxşı anlayır ki, bu radikal, revanşist və şəxsi maraqlar üzərində qurulmuş siyasət onlara heç bir gələcək vəd etmir”.
Bu gün Azərbaycan dövlətinin Cənubi Qafqaz regionunda inkişafa, sülhə hədəflənən təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən dəstəklənir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, yaxşı olardı ki, Ermənistanda radikal müxalifət mitinqlər təşkil etmək əvəzinə, Ermənistanın mövcud ağır vəziyyətini nəzərə alsın və bu cür siyasi şoulardan əl çəksin:
“Əks halda, belə davam edəcəyi təqdirdə Sarkisyan-Köçəryan cütlüyünün və onların rəhbərlik etdiyi radikal müxalifətin, revanşist qüvvələrin növbəti biabırçı məğlubiyyəti və fiaskosu qaçılmaz olacaqdır”.
Ruhiyyə