Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Gömrük Komitəsinin şəxsi heyəti üçün “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda onlayn mühazirə keçirilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun keçirdiyi mühazirədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri, idarə rəisləri və aidiyyəti qurumların rəhbərləri və gömrük əməkdaşları iştirak ediblər.
Mühazirə Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı 2 fevral 2021-ci il tarixli Sərəncamına əsasən nəzərdə tutulan tədbirlər çərçivəsində təşkil olunub.
Təlimdə Azərbaycanın inkişaf yolundan bəhs edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov reallaşan uğurların təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu qeyd edib. Mühazirə zamanı inklüziv inkişaf sahəsində yüksək göstəricilər əldə edən, sosial siyasətin reallaşdırılması baxımından dünya ölkələrinə nümunə olan respublikanın fonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən də söhbət açılıb.
Təlimdə həmçinin Azərbaycanın dünyada inklüziv inkişaf indeksi üzrə reytinqi, dövlət idarəçiliyində yeni texnologiyalar, Heydər Əliyev Fondu və UNESKO-nun sənədlərində Azərbaycanın qeyri-maddi mədəni irsi, dövlət idarəçiliyində səmərəlilik, qaçqınlar (məskunlaşma), təhsil, yaxın keçmiş və bu gün, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Vurğulanıb ki, dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini ölkəmiz səmərəli şəkildə reallaşdırır.
Sonra çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov təlimi yüksək qiymətləndirib, müzakirə edilən mövzuları çox faydalı hesab edib. İsmayıl Hüseynov innovativ idarəçilik texnologiyalarına dair təqdimatları, xüsusilə də ölkənin siyasi, iqtisadi, hərbi uğurlarının elmi şəkildə izahının gələcəkdə təlim iştirakçılarının işinə misilsiz töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini gömrük orqanlarının ölkənin ali təhsil müəssisələri ilə faydalı əməkdaşlığından da söhbət açaraq Komitənin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə mövcud əlaqələrinə toxunub, səmərəli münasibətlərin həyata keçirildiyini, gələcəkdə də bu əməkdaşlığın uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov rəhbərlik etdiyi Akademiya ilə Dövlət Gömrük Komitəsinin uğurlu əməkdaşlıq nümayiş etdirdiyini qeyd edərək DGK rəhbərliyinə təşəkkürünü ifadə edib.
Sevinc