Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin milli dövlətçilik xətti və siyasəti Azərbaycana tarixi qələbələr qazandırmaqdadır

Heydər Əliyevin milli dövlətçilik xətti və siyasəti Azərbaycana tarixi qələbələr qazandırmaqdadır


Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycana rəhbərliyə gəldikdən sonra Heydər Əliyev ölkəni inkişaf etdirməyə başladı. Müharibə dayandırıldı, vətəndaş qarşıdurmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu, qayda- qanun yaradıldı.

Azərbaycan çoxminillik tarixi­nin ən mükəmməl şəxsiyyəti və lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük soydaşımız Heydər Əliyevin tarixi xidmətləri haqqında danışılarkən, ilk növbədə, diqqət onun yarım əsri əhatə edən fəal və ardıcıl dövlət quruculuğu mis­siyasına verilir. Ulu öndər keçən əsrin 60-cı illərinin ortalarından enerjisini, əsasən, Azərbaycanda milli, müasir və sovetlər birliyinin imkan verəcəyi qədər müstəqil bir dövlətin qurulmasına həsr etmiş­dir.

Dünyanın tanınmış dövlət xadimlərindən olan bu nadir şəxsiyyət bir neçə mərhələdən keçən kifayət qədər inamlı, ardıcıl mübarizələrdən sonra– 90-cı illərin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan dövlətini həm qur­muş, həm də onun inkişafı üçün mükəmməl strateji perspektivlər müəyyən etmişdir. Bu, əlbəttə, mənsub olduğu xalqın iradəsini ifadə edən böyük liderin əsas tarixi missiyası idi. Azərbaycanı Heydər Əliyev xi­las etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtar­dı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlan­mamalıdır; Azərbaycanın qurtu­luşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmədi, onun gələcəyinə də əhəmiyyətli təsir göstərdi. Bu mənada, Azərbaycanın qurtulu­şu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə, tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir. Azərbaycanın qurtu­luşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar.

Heydər Əliyevin bütün həyatı, bütün fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycançılıq, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək onun həyatının ən ümdə amalı idi.

Misilsiz dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandı­racaq, ona müasir dünyanın üzvi, tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Azərbaycanın ümummilli liderinin türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı tarixi addımlar bu gün öz bəhrəsini verməkdədir. Bu birliyin timsalı olaraq qələbə ilə başa çatan Vətən müharibəsində qardaş Türkiyənin ilk gündən Azərbaycanın yanında olması, haqq işimizi inadla dəstəkləməsi düşmənlərimizi çarəsiz hala gətirdi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Son 19 ildə isə ulu öndərin ən layiqli davam­çısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar, nəhayət, ata Əliyevin ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaratdı. Xalqımız Prezident, Ali Baş Ko­mandan – oğul Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütöv­lüyü təmin olundu.

Qarabağın tacı olan Şuşanın işğaldan azad olunduğu noyabrın 8-də ölkə Ali Baş Komandan İlham Əliyev təntənəli surətdə bəyan etdi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın ol­sun, dünya azərbaycanlıları!”. Bəli, İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatdı­rılmasına görə, həm də ulu öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan, qüdrətli, güclü Azərbaycan dövlətinin sükanı bu gün tam etibarlı əllərdədir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin milli dövlətçilik xətti və siyasəti Azərbaycana tarixi qələbələr qazandırmaqdadır.

YAP Xəzər rayon təşkilatı N.Məmmədov 1 ərazi partiya təşkilatının sədri İsazadə Elnarə
Xəbəri paylaş