Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Georgi lentləri”nin İkinci Dünya müharibəsinə aiddiyatı yoxdur"

"Georgi lentləri”nin İkinci Dünya müharibəsinə aiddiyatı yoxdur"


“9 May qələbəsi təkcə Rusiyanın deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsində iştirak etmiş bütün millətlərin, milyonlarla insanın ümumi qələbəsidir. Rusiya və Qərb arasında uzun illər boyunca qələbənin ümumi əhəmiyyəti, qələbənin əldə olunmasında dövlətlərin rolu barədə mübahisəli məqamlar müşahidə edilib. İkinci Dünya müharibəsində aparıcı dövlətlər olan ABŞ, SSRİ, Böyük Britaniya və digər Avropa ölkələri arasında qələbədə kimin daha çox əməyinin olması ilə bağlı daim müzakirələr aparılıb. Nəzərə almaq lazımdır ki, SSRİ-də ümumi tarixi bölüşmüş xeyli millətlərin nümayəndələri müharibədə qələbənin əldə olunmasından ötrü canlarından keçiblər. Təkcə Azərbaycandan 700 minə yaxın soydaşımız müharibədə iştirak edib və onların təxminən 50 faizi şəhid olub. Bəzi soydaşlarımız həmin dövrün ən yüksək mükafatı olan "Sovet İttifaqı Qəhrəmanı" adı alıb, orden və medallarla təltif ediliblər. Bəzilərinin müxtəlif Avropa ölkələrində legioner həyatı yaşayaraq partizan hərəkatlarına qoşulub, alman faşizminə qarşı mübarizə aparıblar. Yəni, qətiyyən demək olmaz ki, qələbəni təmin edən yalnız Rusiyadır”.

Newscenter.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, bu yanaşma yanlışdır və digər dövlətlərə qarşı aparılan diskriminasiya siyasətidir: “Təəssüf ki, Rusiya uzun illər ərzində başqa dövlətlərə qarşı belə siyasət aparıb. Müasir dünyada belə məsələlər qəbuledilməzdir. Əgər İkinci Dünya müharibəsində dünyada informasiya qıtlığı var idisə, indi vəziyyət başqadır: insanlar sosial şəbəkələrdən istifadə edərək anında informasiya əldə edə bilirlər. Üstəlik, arxiv materialları da kifayət qədər əlçatan olduğu üçün hər şey göz qabağındadır, insanları aldatmaq mümkün deyil. Ümumiyyətlə, Rusiyanın digər millətlərə qarşı apardığı bu alçaldıcı siyasət qeyri-məhsuldardır. Bu, ümumi tarixi bölüşmüş millətləri özündən uzaqlaşdırmaqdır və müttəfiqlik münasibətlərinə tamamilə ziddir”.

N.Məhəməliyev, həmçinin, qeyd edib ki, hər il Qələbə Günü ilə əlaqədar müxtəlif ölkələrdə paylanılan “Georgi lentləri”nin İkinci Dünya müharibəsinə aiddiyatı yoxdur: “Həmin lentlerin tarixi tamam başqadır, onların yaradılması XVIII əsrdə II Yekaterinanın çarlığı dövrünə təsadüf edir. Rusiya-Türkiyə müharibəsi dövründə Rusiya tərəfində qəhrəmanlıq göstərmiş sərkərdələr müqəddəs “Georgi” ordeni ilə təltif ediliblər. Bu, məhz Rusiya İmperiyasına aid mükafatdır. Sovetlər dönəmində isə “Georgi” ordeni heç kimə verilmir, lentlərdən istifadə edilmirdi. Sonralar bu lentlərdən istifadə isə xoşməramlı niyyət güdmür. Bütün bunlar Rusiyaya rəğbət gətirmir, əksinə, həmin dövlətə inamı azaldır. Sözsüz ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılmış qələbədə rus xalqı ilə yanaşı bir çox xalqların, o cümlədən Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə böyük rolu var. Faktdır ki, Azərbaycan nefti olmasaydı, Sovet ordusu müharibədə qalib gələ bilməzdi".
Xəbəri paylaş