Şagirdlərin yaxasına Çar Rusiyasının imperiya rəmzlərindən biri olan “Georgi lenti”ni taxaraq orta məktəblərdə 9 May gününə həsr edilən tədbirləri nəinki ümumi məktəb miqyasında, hətta sinif səviyyəsində də təşkil etmək olmaz.
İstər ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə olsun, istərsə də məktəb direktorunun göstərişi ilə olsun, fərq etməz, bu cür tədbirlər özgə ölkənin rəmzlərindən və keçmiş SSRİ-nin bayraq təsvirlərindən istifadə edilərək keçirilməməlidir.
Körpələrimizə bilik öyrədən müəllimlər "Georgi lenti"nin tarixçəsini bilmirlərsə, onun kor-koranə təbliğatçısına çevrilməməlidirlər. Bu gün şagirdlərimizə ilk növbədə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri təbliğ etmək lazımdır.
9 Maydan danışarkən isə alman faşizmi ilə paralel olaraq erməni faşizminin də mənfur xisləti məktəblilərə izah edilməlidir. Eyni zamanda İkinci Dünya müharibəsində digər xalqların nümayəndələri ilə bərabər 600 minə yaxın azərbaycanlının da alman faşizminə qarşı qəhrəmancasına döyüşməsindən, mübarizədə aparmasından bəhs edilməlidir.
Bir sözlə, sovetlər dönəmindəki 9 May şablon təbliğatına son qoyulmalıdır. İndi şagirdlərimizə milli ruh aşılamaq zamanıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri