Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf edəcək

Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf edəcək


Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsini təyin etməsi mühüm əhəmiyyət daşıyan ictimai-siyasi hadisə oldu.

İlk növbədə qeyd etmək lazımdır ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb ki, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, erməni vandalizminin eybəcər sifətini bir daha bütün dünyaya göstərir.

Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı.

Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Ona görə də birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur.

Zəngilan rayonunda icra edilən böyük infrastruktur layihələri arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi əhəmiyyətə malikdir. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Bundan başqa, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına da çoxzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası işləri də sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Zəngəzur dəhlizinin açılması isə həm bizim üçün, həm də qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Belə ki, son vaxtlar Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artmaqdadır. Çünki ölkəmizdə təqribən 10-15 il ərzində nəqliyyat sektorunun inkişafına böyük diqqət yetirilib. Bu gün Azərbaycan istənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilir və Azərbaycanın bu imkanları yaxın gələcəkdə daha da artacaq.

İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Zəngilanda da əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Bununla bağlı rayonun Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq sahələrindən biri də kənd təsərrüfatı olacaqdır.

İşğaldan azad olunmuş ərazilərimizdə görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi ön plandadır. Azad edilmiş ərazilərimizin təbii iqlimi və coğrafiyası elədir ki, orada taxılçılıqla, heyvandarlıqla məşğul olmaq üçün geniş potensial var.

Bundan başqa, Zəngilan rayonunda böyük turizm potensialı da mövcuddur. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları Zəngilan rayonunun böyük turizm potensialından istifadə etməyimiz üçün geniş imkanlar yaradacaq. Zəngilanın turizm potensialı, həm də  oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi kimi mühüm əhəmiyyətə malikdir.

Jalə Əhmədova - Milli Məclisin deputatı
Xəbəri paylaş