Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baytarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib

Baytarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib


Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu ilə görüş keçirilib.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə OIE-nin Avropa ofisinin rəhbəri Budimir Plavşiç, qiymətləndirmə heyətinin rəhbəri Sabine Hutter, texniki ekspertlər Mişa Sokadze və Ago Paertel iştirak ediblər. OIE ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çəkən AQTA-nın sədr müavini Rəşad Mafusov son illər ölkəmizdə heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlərlə bağlı iştirakçılara geniş məlumat verib. Bildirilib ki, son dövrdə ölkəmizin bioloji təhlükəsizliyinin təmin edilməsi yolu ilə ümumi epizootoloji salamatlığa töhfə verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, yüksək standartlara uyğun baytarlıq laboratoriya sistemi qurulmuş, baytarlıq xidməti və nəzarətinin həyata keçirilməsinin sərhədləri müəyyənləşdirilməklə hüquqi baza yaradılmış və OIE ilə əməkdaşlıq daha da genişləndirilmişdir. Ölkəmizdə heyvan sağlamlığına nəzarətin təmin olunması ilə bağlı həyata keçirilən tədbirlərin növbəti mərhələsi kimi hazırda heyvanların identifikasiyası, qeydiyyatı işləri həyata keçirilməkdədir.

Görüşdə qeyd olunub ki, baytarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə OIE tərəfindən üzv ölkələrin baytarlıq sistemlərinin “PVS aləti” vasitəsilə dövri qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə xüsusi qəbul edilmiş standartlara uyğun aparılmaqla ölkədə baytarlıq xidməti və nəzarəti, laboratoriya strukturu, xarici ölkələrdən keçə biləcək xəstəliklərlə mübarizə, baytarlıqda kadr təminatı və digər mühüm sahələri əhatə etməklə beş ballıq sistem üzrə aparılır. Qiymətləndirmənin hesabatı missiya başa çatdıqdan sonra təşkilatın internet resursları vasitəsilə yayımlanır ki, burada təqdim edilən məlumatlar və qiymətləndirmə balı ölkələrarası ticarət əlaqələrinin qurulmasında mühüm rol oynayır.

Qeyd edək ki, OIE səviyyəsində həyata keçirilən bu yoxlamalardan sonra beynəlxalq uyğunlaşma və sertifikatlaşdırma proseslərinin asanlaşdırılması, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, idxal-ixrac prosedurlarının daha da genişləndirilməsi mümkün olacaq.
PVS üzrə Ekspert Qrupu tərəfindən həyata keçiriləcək qiymətləndirmə üzrə səfərlərdə Agentlik əməkdaşları ilə yanaşı, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri də iştirak edəcək. Həm milli, həm də regional səviyyədə həyata keçiriləcək qiymətləndirmə ölkəmizdə heyvan, heyvan mənşəli məhsul və xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri, baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və xırda fermer təsərrüfatlarına bir sıra imkan və üstünlüklər qazandıracaq.

Sevinc
Xəbəri paylaş