Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu bizim hamımızın ümumi Qələbəmiz, müştərək bayramımızdır

Bu bizim hamımızın ümumi Qələbəmiz, müştərək bayramımızdır


Biz bu gün çox önəmli bir tarixi hadisəni qeyd edirik. Belə ki, mayın 9-u faşizm üzərində tarixi Qələbənin 77-ci ildönümü günüdür.
Bəli, milyonlarla insanın həyatına son qoymuş İkinci Dünya müharibəsinin nəticəsində faşizmin məğlubiyyətini qələbə kimi qeyd etməyə dəyər. Çünki faşizm bütün dünya xalqları üçün, o cümlədən biz azərbaycanlılar üçün də təhdid idi. Ona görə də biz bu gün sözügedən müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anır və onlara minnətdarlığımızı ifadə edirik.

Heç şübhəsiz ki, bu Qələbə həm də bizim xalqımızın qələbəsidir. Çünki Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sözün hər mənasında böyük töhfələr verib. İstər neftimizlə, istər taxıl və ərzaq ehtiyatlarımızla, istərsə də müharibə fonduna bağışladığımız qiymətli əşyalarımızla, maddi-mənəvi dəstəyimizlə Hitler Almaniyasının məğlubiyyətə uğradılması üçün hər cürə fədakarlığı göstərmişik.
Ən əsası isə bu Qələbənin qazanılmasında qəhrəman ata-babalarımın xüsusi rolu olub. Belə ki, xalqımız alman faşizminə qarşı döyüşmək üçün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Azərbaycan diviziyaları Şimali Qafqazdan, Mozdokdan Berlinədək şanlı döyüş yolu keçib.

Eyni zamanda yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində igidliklə döyüşüb, xalqımızı ləyaqətlə təmsil edib, adımızı uca tutublar. Faşistlərin qorxulu kabusuna çevrilmiş "Mixaylo" ləqəbli əfsanəvi partizan soydaşımız Mehdi Hüseynzadə bunun parlaq nümunəsidir.
Odur ki, nə alman faşizmi üzərindəki tarixi Qələbəni, nədəki 9 Mayın Qələbə bayramı, Qələbə günü kimi qeyd edilməsi haqqını heç bir ölkə (xüsusən də Rusiya) əlahiddə olaraq mənimsəyə bilməz, özününküləşdirə bilməz. Bu bizim hamımızın ümumi Qələbəmiz, müştərək bayramımızdır.

Və çox əlamətdar haldır ki, Azərbaycan xalqı artıq ikinci ildir ki, alman faşizmi üzərində tarixi Qələbəni, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazandığımız böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə qeyd edir.

Biz bu gün həm İkinci Dünya müharibəsində qəhrəmanlıqla həlak olmuş azərbaycanlıların tarixi şücaətlərini hörmətlə anır, həm də 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etmiş şəhidlərimizin ruhları, qazilərimizin igidlikləri qarşısında baş əyirik. Hər iki müharibədə canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Ruhlarınız şad olsun, qəhrəman azərbaycanlılar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş