Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurtuluşa gedən yolun ilk pilləsi

Qurtuluşa gedən yolun ilk pilləsi


Yaşadığı dövrdən zaman etibarı ilə uzaqlaşdıqca böyüklüyü daha yaxşı görünən Azərbaycanın güclü və müstəqil dövlət kimi yaşaması, inkişaf etdirilməsi, xalqımızın qüdrətli olması üçün Heydər Əliyevin Tarixi dəyişən qayıdışı. Bu qayıdış müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi. O, dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın xilasının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlətimizin başçısı seçilməsindən sonra bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycanın talehi dəyişdi.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi.O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Reallıqlar göz önündədir. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimizin yaratdığı xoşbəxtlik hissi ölçüyəgəlməzdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Xalq fəxr edir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, güclü, qüdrətli, qalib Azərbaycan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

Dahi Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm.
99-cu doğum gününüz mübarək xalqın qəlbində əbədilik qazanan dahi Lider!

Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı- Nəcmiyyə Zeynalzadə
Xəbəri paylaş