Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə çıxış edib.
Teatrın mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, səhnə əsəri Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirilib.
Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov (Orsino), Məsmə Aslanqızı (Oliviya), Aslan Şirin (Malvolio), Anar Heybətov (Sebastian) aktrisalar İlahə Həsənova (Viola), Nigar Güləhmədova (Mariya), əməkdar artist Elnar Qarayev (Antonio), aktyorlar Ziya Ağa və Corc Qafarov (Ser Endryu Eguçik), əməkdar artist Ayşad Məmmədov (Ser Tobi Belç), aktyor Vüsal Mustafayev (Fabian), əməkdar artist Rəşad Bəxtiyarov (Fasti), aktrisa Xədicə Novruzlu (Culiya) və Əlif Cahangirli (Keşiş – video-görüntü) iştirak ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə səhnə əsəri mayın 8-də yenidən nümayiş etdirilib.
Qeyd edək ki, tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir.
Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.
Ayan