“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, demişdi Ulu Öndərimiz.
Hər bir kəlamı dillər əzbəri olan Heydər Əliyev bütün ömrü boyu xalqının yanında olmuş, fəaliyyətini bütövlükdə ölkəsinin inkişafı və tərəqqisinə həsr etmiş fenomenal bir şəxsiyyət idi. Ölkəmizin dövlətçilik tarixində, bugünkü qüdrətli Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Ulu Öndərimiz Heydər Əliyevin öz xalqına olan məhəbbətindən və Vətəninə bağlılığından, Azərbaycanın bütün sahələrdə inkişafı istiqamətində məqsədyönlü siyasətindən, insanpərvərliyindən, böyük ürək sahibi olmasından nəinki saatlarla, günlərlə danışmaq olar.
Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri saymaqla bitməyən O Böyük Şəxsiyyət, Azərbaycan dövlətinin gücləndirilməsi və onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsi, ölkənin siyasi və iqtisadi qüdrətinin daha da artırılması işinə bu gün də xidmət edir.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə cəmləşdirən Ulu Öndər, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etmişdi. Qeyri-adi zəka, fitri istedad, möhkəm iradə, dəmir məntiq kimi fenomenal xüsusiyyətlərə malik olan Heydər Əliyev, dünya liderləri arasında xüsusi nüfuza sahib olub. İdarəetmənin ustadı və siyasətin kamil bilicisi olan Ulu Öndərin beynəlxalq tribunalardakı qətiyyətli çıxışları, keçirdiyi görüşlər nəticəsində Azərbaycan ilə dünya dövlətləri arasında qarşılıqlı münasibətlərin təməli qoyulub.
Min illər keçsə belə yaddan çıxmayacaq, nəsillərdən-nəsillərə ötürüləcək Heydər Əliyev ideyaları və başa çatdıra bilmədiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla reallaşmaqdadır. Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsi olan cənab Prezidentin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan bu gün bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib, bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb. Müzəffər Ali Baş Komandan, möhtəşəm Qələbə ilə başa çatdırdığımız 44 günlük Vətən müharibəsində Heydər Əliyev siyasi məktəbini keçdiyini, Ulu Öndərin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçi olduğunu bir daha sübut edib.
Bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə yazılmış Heydər Əliyev dühasının işığında getdikcə daha da güclənən və inkişaf edən Azərbaycanın tərəqqisi naminə hər birimiz birlik və həmrəylik nümayiş etdirərək dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, cənab Prezidentin siyasətini qətiyyətlə dəstəkləməliyik.
Çünki əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil Azərbaycan dövlətinin inkişafı etibarlı əllərdədir.
Sonsuz hörmət və ehtiramla,
Jalə Əhmədova-Milli Məclisin deputatı