Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyin və xalqın xilaskarı olaraq tarixə düşmüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü həm vətəndə, həm də dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd olunur. Ulu Öndərin Azərbaycan tarixindəki rolu, xidmətləri xatırlanır. Milyonlarla soydaşımız bu günki stabil, güclü Azərbaycan üçün Heydər Əliyevə öz rəğbətini və minnətdarlığını ifadə edir. Müstəqillik illərinin ağır, keşməkeşli yolları, dövlət quruculuğunun taleyüklü anları gənc nəsillərə ötürülür.
Heydər Əliyev şəxsiyyətini, onun gördüyü işlərin obyektiv qiymətləndirilməsi üçün ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gedən prosesləri araşdırmaq lazımdır.
Heydər Əliyev 1987-ci ilin noyabr ayında Moskvada tutduğu vəzifələrdən istefa vermək məcburiyyətində qaldı və qısa müddətdən sonra əvvəl Ermənistanda, sonra isə Qarabağda erməni separatçılığı baş qaldırdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev, Gəncə qiyamı ilə başlanan vətəndaş müharibəsinin qarşısını aldı. Bədnam ,,Talış-Muğan,, ,,Sadval,, təşkilatları ləğv edildi. Ölkənin bütün şəhər və rayonlarında mütəşəkkil cinayətkarlıqla məşğul olan silahlı dəstələr və hərbi müxalifət zərəsizləşdirildi.
Füzuli rayonunun Horadiz qəsəbəsi və ətraf kəndlər işğaldan azad edildi.
1994-cü ilin may ayında, ordumuzun formalaşmadığı bir zamanda Ermənistanla atəşkəs müqaviləsi imzalandı və minlərlə gəncin qanının tökülməsinin qarşısı alındı.
Dövlət idarəetmə sistemi formalaşdırıldı. Yeni Konstitusiya qəbul olundu. Cəmiyyətin bütün sahələrini əhatə edən iqtisadi, siyasi, sosial, hüquqi, mədəni, aqrar islahatlara, vahid komandanlıq altında ordu quruculuğuna start verildi.
Əsrin neft kontraktları imzalandı.
Azərbaycan, bir çox beynəlxalq təşkilatların üzvlüyünə qəbul olundu. Ermənistan istisna olmaqla, əksər ölkələrlə, ilk növbədə BMT TŞ-n daimi üzvləri ilə ikitərəfli, bərabərhüquqlu münasibətlər quruldu.
Ölkənin beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində yerini müəyyənləşdirən çoxvektorlu xarici siyasətin və hərbi doktrinanın əsası qoyuldu.
Dünyanın 50-n yuxarı ölkəsində yaşayan həmvətənlərimiz bir araya gətirildi və güclü diaspora təşkilatları yaradıldı.
Etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini özündə birləşdirən, milli birliyi təmin edən “Azərbaycançılıq məfkurəsini” irəli sürdü.
Əlində xəritə, xarici səfərlərdə Qarabağın tarixi, Azərbaycan həqiqətlərini ayrı-ayrı dövlət və hökumət başçılarına detalları ilə izah edərək, addım-addım ölkəmizi tanıtdı.
Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaq üçün saatlarla vaxt lazımdır. Ancaq, bir məsələ gün kimi aydındır. Heydər Əliyev, keçdiyi ömür yolu, intellekti, uzaqgörən strateji düşüncə qabiliyyəti, xalqına olan sevgisi, həyata, ətraf mühitə, ailəyə olan münasibətilə hər kəs üçün bir örnək, xoşbəxt ata, nümunəvi Liderdir.
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun bütün vəsiyyətləri, oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi.
Mənə elə gəlir ki, öz xalqının şərəfli tarixini yazmaq ancaq, Allah tərəfindən seçilmişlərə nəsib olur.
İllər ötdükcə, Heydər Əliyevin zamana və məkana sığmayan, nəhəngliyi daha qabarıq şəkildə özünü göstərir.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı