Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir Azərbaycanın tarixində yeni səhifə açdı

Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir Azərbaycanın tarixində yeni səhifə açdı


Bu gün ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Dahi şəxsiyyətin anadan olmasının 99-cu ildönümünü qeyd edirik. Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti biz siyasət adamları üçün bir çox aspektlərdən örnək sayıla bilər. Bu mənada, Ulu Öndərin haqqında danışmaq üçün tematik istiqamətlər kifayət qədər genişdir. Lakin mən onun tarixi rolunu məhz milli həmrəylik nöqteyi-nəzərindən dəyərləndirmək istərdim. Çünki Heydər Əliyev milli həmrəyliyimizin həm ideoloqu, həm də təminatçısıdır.

1993-cü ilin may-iyun aylarında ölkəmizdə hökm sürən siyasi böhranı, xaosu bu gün də hər kəs çox yaxşı xatırlayır. Həmin vaxt müstəqilliyimizi itirmək, parçalanmaq təhlükəsi ilə üzləşmişdik. Dövlətçiliyimiz məhv olmaq üzrə idi. Cəmiyyətimiz barışmaz siyasi qütblərə bölünmüşdü. Hərbi-siyasi qruplaşmalar ölkədə “meydan sulayır”, dərəbəylik edirdi. Mərkəzi hakimiyyət proseslərə nəzarəti itirmişdi. Bir sözlə, Azərbaycanda anarxiya mühiti hökm sürürdü. Mərkəzi hakimiyyət bu durumu müsbətə doğru dəyişmək gücündə deyildi.
Ölkəni bu cür faciəli durumdan yalnız bütün siyasi qüvvələrin qəbul etdiyi, hesablaşdığı böyük siyasi lider xilas edə bilərdi. Heydər Əliyev məhz belə bir lider idi. Onun siyasi dühası, idarəetmə təcrübəsi, liderlik xarizması cəmiyyətimizi toparlamaq, vətəndaş müharibəsinin qarşısını almaq və bütün siyasi qüvvələri bir araya gətirib konsesusa nail olmaq və torpaqlarımızın işğalını dayandırmaq üçün hava-su kimi ehtiyac duyulan zəruri keyfiyyətlər idi.

Bəli, yalnız Heydər Əliyevin hakimiyyətə qayıdıb ölkəni parçalanmadan xilas edə, hamını milli birlik, həmrəylik çətiri altında birləşdirə bilərdi. Həmin vaxt siyasi əqidəsindən, partiya mənsubiyyətindən asılı olmayaraq ölkədə hər kəs Heydər Əliyevə son ümid yeri kimi, xilaskar kimi baxırdı. Bax, o an Azərbaycanın ən yeni tarixində milli həmrəyliyin, vəhdətin zirvə nöqtəsi idi. Heydər Əliyev milli həmrəylik simvoluna çevrilmişdi. Bu isə heç də hər liderə qismət olmur.

Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir Azərbaycanın tarixində yeni səhifə açdı. Xalqımız nəfəsini dərmək və hər şeyə yeni başdan başlamaq imkanını qazandı. Ölkədə hökm sürən siyasi böhran, hərc-mərclik aradan qalxdı, sabitlik təmin edildi, dirçəliş və inkişaf mərhələsi başlandı. Azərbaycan özünün iqtisadi potensialını və geosiyasi imkanlarını gerçəkləşdirməyə start verdi.

Xalqımız qədirbilən xalq olduğuna görə Heydər Əliyevin Azərbaycan qarşısındakı bütün bu xidmətlərini heç vaxt unutmur. Barışa və milli həmrəyliyə imza atan, xilaskarlıq missiyasını uğurla həyata keçirən ümummilli lider Heydər Əliyevi hər zaman minnətdarlıq hissilə xatırlayacağıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş