Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Xankəndində asayişi təmin etməyə hazırdır

Azərbaycan Xankəndində asayişi təmin etməyə hazırdır


Emənistanda iki keçmiş prezidentin, nazirlərin və digər sabiqlərin kütləvi aksiyalar təşkil etməkdə əsas məqsədləri təhlükəsizliklə bağlı onsuz da ciddi problemlərə malik olan ölkədəki daxili vəziyyəti lap gərginləşdirməkdən ibarətdir. Vaxtilə Ermənistanı bataqlığa çevirənlər indi Paşinyanı devirməyə və növbəti dəfə hakimiyyəti zəbt etməyə çalışırlar.
Köçəryan-Sarkisyan qruplaşması bu mitinqlərdə yenə də erməni xalqına yalan vədlər verir, Paşinyanın gedəcəyi təqdirdə Ermənistanın düşdüyü məğlub durumdan xilas ola biləcəyini iddia edirlər. Halbuki, Ermənistanın bu vəziyyətə düşməsində ən böyük məsuliyyət məhz “Qarabağ klanı”na - Köçəryana, Sarqsyana, Ohanyana, Karapetyana və digərlərinə aiddir.

Ermənistanda normal hakimiyyət dəyişikliyi nadir hadisədir. 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Köçəryanın Qarabağdan olan hərbi qüvvələrin və komandirlərin, xüsusilə də Samvel Karapetyanın və Seyran Ohanyanın dəstəyi ilə Levon Ter-Petrosyanın istefasına nail olduğunu yaxşı xatırlayırıq. Bu gün Ermənistanda baş verən proseslər və hakimiyyəti mənimsəmək ssenarisi o vaxtkından çox fərqlənmir. Yenə yalan vədlər, yenə Köçəryan, yenə onu dəstəkləyən Karapetyan və Ohanyan, yenə də “Qarabağ kartı”…

Ermənistanda keçirilən son parlament seçkilərində erməni xalqı Azərbaycanla müharibədə məruz qaldığı ağır məğlubiyyətə və çoxsaylı insan itkisinə baxmayaraq, cinayətkar Köçəryan-Sarqsyan komandasına dəstək vermədi. Çünki 20 ildən artıq bir dövrdə bu quldur cütlüyünün oğru, talançı və qaniçən xarakterinə yaxşı bələd olub. İndi də ermənilər Qarabağdan olan bu rejiminin idarəetməsinin acı nəticələrindən əzab çəkirlər.

Hazırda Köçəryan-Sarqsyan rejimi 2008-ci ilin ssenarisini reallaşdırmaq üçün Qarabağda vəziyyəti gərginləşdirməyə çalışırlar. Bunun üçün Samvel Karapetyana və Seyran Ohanyana yaxın olan keçmiş hərbçilərin aktivləşməsi də müşahidə olunur. Xankəndində Araik Arutunyanın vəzifədən kənarlaşdırılması, bəlkə də fiziki olaraq aradan götürülməsi cəhdləri mümkündür. Başqa sözlə desək, Köçəryan komandası Ermənistanda hakimiyyəti ələ keçirmək üçün fəaliyyətlərinə 2008-ci ildən əvvəl olduğu kimi, Qarabağdan başlaya bilərlər.

Bu məqsədləri həyata keçirmək üçün Köçəryan komandası Xankəndində əsas dayağı olan və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçilən general Samvel Karapetyandan istifadə etməyə çalışır. Samvelin əlaltıları da Qarabağda daha aktiv görünürlər. Generalın dünən Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açması gərginliyin artırılması üçün ilkin siqnal kimi də qəbul edilə bilər. Hadisədən sonra generalın həbs edilməsi mövcud gərginliyin azalacağını ehtimal etməyə əsas vermir.

Bəs general Samvel Karapetyan kimdir? Bu suala cavab tapmaq üçün Xankəndində baş verən qətli və 14 il əvvəlin 1 mart hadisələrini araşdırmalıyıq. Yalnız bu zaman general-mayor Samvel Karapetyanın kim olduğunu dəqiq görə bilərik.

1962-ci ildə Xankəndində anadan olan Samvel Karapetyan erməni separatizminin ilk fəallarından olub, yerli silahlı dəstələrin yaradılmasında fəallıq göstərib. 1988-ci ilin fevralından Azərbaycana qarşı təxribatlarda aşkar şəkildə iştirak edib. Müharibənin ilkin mərhələsində Əsgəran istiqamətində daha çox gözə dəyib. General Karapetyanın keçmişi qaranlıq fəaliyyətlərlə zəngindir. Onun ətrafı, hətta yaxın qohumlarından bəziləri kriminal aləmdə yer alır.

General-mayor Samvel Karapetyanın niyə Oqanov, sonra isə Oqanovski soyadını daşıması da bir çoxlarında, o cümlədən məndə sual yaradır. Eyni adam niyə davamlı olaraq soyad dəyişdirməsi ilə məşğul olsun?

Araşdırmalar göstərir ki, Samvel Karapetyanın ilk dəfə 1990-cı illərdə Azərbaycana qarşı törətdiyi qanlı hadisələrin məsuliyyətindən yayınmaq məqsədilə soyadını dəyişib. Beləliklə, Samvel anasının qızlıq soyadı olan Oqanovdan istifadə edirdi. SSRİ-də tanınmış kriminal avtoritet olan Rudolf Oqanov Samvelin doğma dayısıdır. Həbsxanadakılar və kirminal aləm Rudolfu “Rudik” kimi tanıyırdı.

Sonralar Samvel soyadını yenə də dəyişdi. Bu dəfə Samvel heç bir erməni kökləri olmayan, amma mənəviyyatca ermənilər ilə çox yaxın olan rus generalı Pyotr Oqanovskinin soyadını qəbul edərək özünü “türklərə qarşı tarixi erməni-rus birliyinin” bir hissəsi kimi təqdim etməyə çalışdı. Bildiyimiz kimi, Oqanovski Birinci Dünya Müharibəsi illərində Qafqazda və Qərbi Zəngəzurda türklərə qarşı vuruşan Qafqaz Ordusu Korpusuna komandanlıq edib.

3 dəfə soyad dəyişən Samvel Karapetyan 1992-ildən 2000-ci ilə qədər seperatçı reimin Xankəndində yerləşən mərkəzi müdafiə rayonunun komandiri olub. 1993-cü ilin martında əvvəlcə Kəlbəcər rayonunda baş verən qarşıdurmada, sonra isə Horadiz yaxınlığında yaralanıb. General Karapetyan Köçəryan və Sarkisyana yaxınlığı sayəsində işğalçıların təsis etdiyi bütün mükafat, fəxri ad, orden və medallara layiq görülüb. Bəzən isə yeni orden və medallar təsis ediləndə, təltif S.Karapetyandan başlayırdı. 2000-ci ildən sonra Samvel Karapetyan törətdiyi cinayətlərə baxmayaraq, Qarabağdakı seperatçı qurumda müxtəlif yüksək hərbi vəzifələrə təyin edilib, təltiflərə də fasilə verilməyib.

Karapetyan 2008-ci il seçkilərində Köçəryanı fəal dəstəkləyənlərin sırasında olub. Martın 1-də baş verən etirazları basdırmaq üçün S.Karapetyan tabeliyində olan heyətdən ən azı 20 nəfərlik xüsusi qrup yaradıb və onları marşal Baqramyan prospektindəki prezident iqamətgahının zirzəmisində yerləşdirib. Sonradan bu cinayətlərləri araşdıran müstəntiqlər, martın 1-də və 2-də nümayişçilərə atəş açanların məhz S.Karapetyanın qrupu olduğu qənaətinə gəliblər. Açılan cinayət işi bu günə qədər başa çatmayıb.

Paşinyan seçkilərdə ilk dəfə qalib gələndən 5 ay sonra S.Karapetyan qondarma qurumun “nazir müavini” vəzifəsindən istefa verdi. Hazırda o, Xankəndində mövcud olan Qurtuluşçular İttifaqına və Futbol Federasiyasına rəhbərlik edir.

1988-ci ildən Azərbaycan ərazilərində terror siyasətinin fəallarından olan, əsir və girovlarımza qarşı xüsusi amansığlığı ilə seçilən S.Karapetyan, onun rəhbərləri olan Koçaryan-Sarkisyan cütlüyü və digərləri Azərbaycan ərazilərində, o cümlədən Xankəndində vəziyyəti gərginləşdirmək niyyətindən mütləq əl çəkməlidirlər. Artıq 1990-cı ilin əvvəlləri deyil. Azərbaycan Ordusu da o illərin Ordusu deyil. Əgər erməni revanşistləri Azərbaycanın istənilən ərazisində, o cümlədən Xankəndində vəziyyəti gərginləşdirməyə cəhd etsələr, o zaman Azərbaycan Ordusu istənilən düşmən cəhdinin qarşısını ən sərt şəkildə və dərhal alacaq. Həmişə olduğu ki, bu dəfə də Ermənistan müharibə zamanı Qarabağdan yoxa çıxan fərari generallarının və eks prezedentlərinin özbaşınalığının acı nəticələrini həzm etməyə məcbur olacaq.

Ermənistan hərbi balans məsələsində Azərbaycandan o qədər çox geridə qalır ki, artıq bunu kimsə müqayisə etmir. Münaqişəni yenidən alovlandırmaq niyyəti, İrəvanın daha qəliz problemlərə sürükləyə bilər. Keçən il mayın 12-də Kəlbəcər, noyabrın 16-da Qaragöl, bu ilin martın 29-da Fərruz yüksəkliyi istiqamətində baş verənlərdən doğru dürüst nəticə çıxarmayan revanşistlərin cavabını erməni xalqı verməzsə, əsgərimiz danışmağa məcbur qalacaq. “Azərbaycan üçün münaqişə bitib” bəyanatı ilə Azərbaycan ilk atəşi açmayacağını öz öhdəsinə götürüb, amma bunu Ermənistandakı təxribatların Xankəndinə köçürülməsinin cavabsız qala biləcəyi kimi dəyərləndirilməsi yalnışdır. İstənilən təxribata mütləq adekvat cavab veriləcək.

Köçəryan-Sarkisyan cütlüyü növbəti “Dəmir Yumruq” zərbəsi almaq üçün çox həvəsli görünürlər. Azərbaycan əsgəri isə həmişə olduğu kimi, vəziyyətin istənilən istiqamətində inkişafına və zərurət yaranarsa, Xankəndində belə asayişi və təhlükəsizliyi təmin etməyə hazırdır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
Xəbəri paylaş