Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev- nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu

Heydər Əliyev- nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu


Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə addımlayırıq. Gələcəyi düzgün müəyyənləşdirmək üçün, sözsüz ki, keçilən yola bir baxış keçirməyə böyük zərurət duyulur. Bu fikir də hər zaman önə çəkilir ki, insanlar yeniliyi tez qəbul edir, amma bəzən bunun hansı çətinliklər, səylər sayəsində əldə olunduğunu düşünmürük. Bu baxımdan bu gün biz müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən müstəqilik tarixində keçdiyi yola və əldə etdiyi təcrübəyə qısaca da olsa nəzər salmağı bir zərurət kimi qəbul edirik. Eyni zamanda, bu təhlillər zamanı tarixi şəxsiyyətlərin, ölkəni inkişafa aparan strategiyasının müəllifinin liderlik keyfiyyətləri də xüsusi önəm kəsb edir. Çünki ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir.

Ulu Öndər haqqında çox yazılır, onun siyasi irsinin təhlili davam edir, lakin bu prosesin sonu yoxdur. Çünki Heydər Əliyev öz xalqı və müstəqil dövləti üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onu bilməli, nəcib əməllərini nümunə kimi götürməli, tövsiyələrini bir an da olsun unutmamalıdır. Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi azərbaycanlıların həyat fəaliyyətinin mayakıdır. Onun həyat fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, təhlil aparıb, nəticələr çıxarmalıyıq. Bu yazı da həmin istəkdən irəli gəlib.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu Öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün həyatını şam kimi əritmişdir. Heydər Əliyev öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir canlanma, yüksəliş yaratmışdır. Müstəqil Azərbaycanın rəhbəri kimi onun miqyaslı və dərin siyasəti bütün dünyanı ehtiva edə bilirdi, regionun perspektiv yolunu düzgün istiqamətə yönəldirdi. Heydər Əliyev dünyanın bir çox ölkələri ilə, hətta xain və məkrli düşmənlərimizlə də “sülh dili” ilə danışmağı bacarır, onların təcavüzkar siyasətinin məhvə məhkumluğunu bəyan edirdi.

Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə, demokratik dövlət quruculuğu prinsiplərinə sadiq bəşəri şəxsiyyət idi. Onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edirdi. Bu baxımdan, Heydər Əliyevin ali keyfiyyətləri və siyasi potensialı onun müxtəlif sistemlərdə və coğrafi məkanlarda rəhbər elitanın ən yüksək pilləsində qərarlaşmasını təmin etmişdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması, bütövlükdə, xalqımızın milli uğuru və iftixar mənbəyidir. Ulu Öndər Azərbaycan xalqının zaman- zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimi idi. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də o gələcəyi yaradırdı. O, sabaha doğru gedən yolu açır və insanları bu yöndə getməyə səfərbər edirdi. Ulu Öndər ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Heydər Əliyev qanlı müharibədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.Böyük rəhbər respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artdı, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırıldı.

Bütün bunlar bird daha sübut edir ki, öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açıqlanacaq. Bir həqiqətsə heç zaman dəyişməyəcək: Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyət olması həmişə etiraf olunacaq.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova
Xəbəri paylaş