"İnterpol"un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser əl-Raisiyə qarşı “işgəncələrdə iştirak etmək” şübhəsi ilə məhkəmə istintaqı başlayıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məhkəmə istintaqı martın sonunda Parisdə iki britaniyalının “işgəncələrdə iştirak etmək” faktı ilə bağlı "İnterpol" prezidentindən şikayət etməsindən sonra başlayıb.
Milli Terrorla Mübarizə Prokurorluğu Parisdəki istintaq hakiminə araşdırma aparılmasına dair göstəriş verildiyini təsdiqləyib. Şikayətlərdə 2018 və 2019-cu illərdə baş vermiş “işgəncə” və “əsassız həbs” iddiaları yer alır.
Qeyd edək ki, daha əvvəl Fransada əl-Raisiyə qarşı “işgəncələr və barbarlıq hərəkətləri” şübhəsi ilə artıq ilkin istintaq başladılıb. "İnterpol"un prezidentindən Körfəz Ölkələri İnsan Haqları Mərkəzi şikayət edib. Hüquq müdafiəçiləri hesab edirlər ki, əl-Raisi Əmirliyin Daxili İşlər Nazirliyinin rəhbər şəxslərindən biri olarkən müxalifət lideri Əhməd Mənsurun işgəncələrində “iştirak edib”. Şikayət yanvarda Fransanın anti-terror prokurorluğuna verilib.