Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə ata vəsiyyətini yerinə yetirir

Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə ata vəsiyyətini yerinə yetirir


“Prezident İlham Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu, memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Füzulidə, Şuşada aparılan bərpa işləri ilə tanış olub, Qarabağın ürəyi Şuşa şəhərindən xalqa müraciət edib. Ötən il isə Prezident İlham Əliyev 10 may tarixində Naxçıvanda səfərdə olub, bir sıra mühüm açılışlarda iştirak edib, hətta Azərbaycan Televiziyasına müsahibəsində “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq” açıqlamasını verib. Heç şübhəsiz ki, bu iki il ərzində Prezident İlham Əliyevin məhz 10 may tarixində - Ümummilli Lider Heydər Əliyevin doğum günündə atdığı addımlar özündə dərin fəlsəfəni əks etdirən mühüm siyasi mesajlardır”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, ötən il Naxçıvanda səfərdə olarkən Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə də tanış olmuşdu:

“Bu dəmir yolu əslində Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirmək ideyasına xidmət edir. Təsadüfi deyil ki, bu ideya da məhz Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətlərindən biri idi. Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 1970-ci illərdən xüsusi diqqətində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Ermənistan KP MK katibi Dəmirçiyanın etirazlarından sonra layihə dayanmışdı. Lakin bu gün Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirməklə Zəngəzur dəhlizinin həyata keçməsi üçün mühüm işləri həyata keçirməkdədir. Elə ötən ilin 10 may tarixində Prezident İlham Əliyevin Naxçıvana səfəri, Zəngəzur dəhlizi ilə bağlı mesajlar verməsi bu vəziyyətə olan sadiqliyi isbatlamışdı. Onu da yada salmaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafına və daha da güclənməsinə hesablanmış Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir”.

“Sirr deyil ki, Ulu Öndər Heydər Əliyevin ən mühüm vəsiyyətlərindən biri də məhz Şuşa şəhəri ilə bağlı idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ümummilli lider Heydər Əliyev Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi:

“Bu gün isə Şuşa ilə bağlı vəsiyyəti Prezident İlham Əliyev reallaşdırmaqdadır. 44 günlük Vətən müharibəsi zamanı xüsusi əməliyyatla Şuşa şəhərinin azad olunması, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, 270 illik tarixi olan Şuşa şəhərinin yenidən bərpa edilməsi, dirçəldilməsi, əvvəlki şöhrətinin qaytarılması Ümummilli Liderimizin Şuşa ilə bağlı vəsiyyətinin tam həyata keçirildiyini isbatlayır”.

Ramil Vəlibəyov vurğulayıb ki, Zəngəzur və Şuşa vəsiyyətləri ilə bağlı faktlar müstəqil və müasir Azərbaycanın Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, vəsiyyətləri əsasında inkişaf etdiyini sübut edir:

“Əlbəttə ki, Prezident İlham Əliyevin Ulu Öndərin doğum günlərində Naxçıvana və Qarabağa səfərləri Zəngəzur dəhlizinə və Şuşaya dair ata vəsiyyətinin yerinə yetirilməsi kontektstində mühüm siyasi mesajdır. Bu mənada, əminliklə demək olar ki, müstəqil Azərbaycanımızın gələcəyi də Ümummilli Liderimizin ideya və siyasi kursuna bağlıdır. Bu ideyaları və siyasi kursu isə ancaq Prezident İlham Əliyev reallaşdıra bilər”.

Ruhiyyə
Xəbəri paylaş