“Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik”. Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dünən “Financial Times”ə müsahibəsində bildirib.
“Müharibənin ilk aylarında Rusiya qoşunlarını fevralın 24-dək mövqeyinə sıxışdırmaq bizim üçün qələbə sayılardı. İndi isə biz hərbi cəbhədə çox güclüyük və Donbas uğrunda müharibəni udacağıq. Bu, müharibənin sonrakı dinamikası üçün həlledici olacaq. Əlbəttə, bu, savaşda bizim üçün qələbə qalan ərazilərimizin də işğaldan azad edilməsidir”, - o vurğulayıb.
Nazir deyib ki, yalnız Rusiyanın məğlubiyyəti Ukraynaya Qara dənizdə limanlarını açmağa və ixracat iqtisadiyyatını dirçəltməyə imkan verər: “Əgər Kiyev daha çox hərbi dəstək alarsa, biz onları Xerson vilayətindən də çıxara, Rusiyanın Qara dəniz donanmasını darmadağın edə və dəhlizi mühasirədən azad edə bilərik”.
Əlbəttə, nazirin bu sözləri daxili auditoriyaya da hesablana bilər. Ola bilsin, Kuleba sadəcə ictimai ovqatın aşağı düşməməsi üçün belə danışıb. Lakin əvvəllər də dediyimiz kimi, proseslər göstərir ki, Qərbin Ukraynaya dəstəyi heç də az deyil. Əksinə, hərbi yardımlar getdikcə artmaqdadır. Bunu ayrı-ayrı təşkilatların, o cümlədən NATO-nun rəsmi şəxsləri də etiraf edirlər. Təsadüfi deyil ki, rəsmi Kiyev müharibənin ilk günlərində Qərbin onları tək qoymağından gileylənirdisə, indi belə bəyanatlar səsləndirilmir. Görünür, Ukrayna özü də Qərb üçün Rusiyanı zəiflətməkdən ötrü sadəcə vasitə olduğunu anlayır. Amma başqa yolunun olmadığını da bilir. Çünki indiki proseslərin alternativi Rusiyaya “yem” olmaqdır.
Çox güman ki, ayrı-ayrı Qərb nümayəndələri, o cümlədən liderlər həmkarları ilə müzakirələrində onları daha da ürəkləndirir, hətta, bəlkə də, geri çəkilməmələri barədə xəbərdarlıq edirlər. Nəticədə Ukrayna rəsmiləri də bu cür cəsarətli açıqlamalar verirlər.
İkinci bir tərəfdən döyüşlər uzandıqca Rusiya zəifləyir. Bu da Ukrayna rəsmilərinin daha cəsarətli danışmalarına, beləliklə, həm də lazımi ictimai rəy yaratmağa şərait yaradır. Dmitro Kuleba və digərləri oxşar bəyanatlarla özlərinin potensialları, üstünlükləri barədə qarşı tərəfə mesaj və Kremli uyğun şərtlərlə atəşkəsin əldə olunmasına çağırırlar.
Nazirin “hərbi cəbhədə çox güclüyük” fikirləri bu baxımdan xüsusilə əhəmiyyətlidir. Eyni zamanda Kuleba bu açıqlaması ilə Qərbə də çağırış etdi. O, “Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik” cümləsi ilə demək istəyirdi ki, əgər Rusiyanın zəifləməyini istəyirsinizsə, bizə dəstəyi artırın.
Böyük ehtimalla savaş hələ davam edəcək. Və getdikcə Rusiyanın vəziyyəti pisləşəcək. Əvvəllər də dediyimiz kimi, Moldova istiqamətində ikinci cəbhənin açılması və döyüşlərin Rusiya ərazisinə keçməsi mümkündür.
Kənan Novruzov-siyasi ekspert