Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təlim keçirilir. Təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastalaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 10-12 may tarixlərində davam edəcək təlimlərə ümumilikdə 1000 nəfərə yaxın fermer cəlb olunub.
Newscenter.az-a KTN-dən bildirilib ki, ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.
Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisinə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılır. Artıq Qubadlı rayonu ərazisində 862 arı ailəsinin köçürülməsi təmin edilib. Kəlbəcər yaylaqlarına ən azı 20 min, Laçın yaylaqlarına isə 15000 arı ailəsinin köçürülməsi nəzərdə tutulur.
Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.
Sevinc