Son zamanlar Ermənistanda mitinq adı altında keçirilən şou tamaşaları publikaya hesablanmış və erməni cəmiyyətinin ictimai rəyini çaşdırmaq üçün edilən manevrlərdir. Maraqlıdır mitinq üçün meydanlara çıxan insanlara, sabah müharibə başlayır və meydanda qalan hər kəs müharibəyə aparılacaq deyilsə, neçə nəfər meydanda qalar və müharibəyə gedər? Əlbətdə tam əminəm ki, bu sualdan sonra bir nəfər belə həmin meydanda qalmayacaq.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, danılmaz reallıqdır ki, Ermənistana müharibə lazım deyil və erməni cəmiyyəti müharibə istəmir:
“Bu gün Ermənistanda hər bir sahədə böhran və xaos hökm sürür. Və bütün bunların əsas səbəbkarları Ermənistandakı revanşist qüvvələr və bu qüvvələrə rəhbərlik edən Sarkisyan-Köçəryan cütlüyüdür. Hakimiyyətdə olduqları dövrlərdə erməni cəmiyyətini illərlə öz yalanları ilə aldadan bu cütlük, bu gün də öz yarıtmaz siyasətlərindən geri qalmırlar. Əslində Sarkisyan-Köçəryan cütlüyü mitinqlər keçirməklə öz yalanlarını, yarıtmaz siyasətlərini ört-basdır etməyə və bu mitinqlərdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.”
Böhranın, özbaşınalığın və xaosun hökm sürdüyü Ermənistanda keçirilən mitinqlər və qarşıdurmalar mövcud vəziyyəti daha da ağırlaşdırır – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamaq hava və su kimi lazımdır. Yaxşı olardı ki, Ermənistanda mitinqlər keçirmək, qarşıdurmalar yaratmaq əvəzinə mövcud reallıqları qəbul edərək Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirsinlər: “Keçirilən mitinqlər regionda sülhə təhdid olmaqla yanaşı, Ermənistanda hökm sürən ağır vəziyyəti daha da dərinləşdirir və bütün bunlar Ermənistanın bir dövlət kimi varlığına böyük təhlükədir.”
Ruhiyyə