Rusiya milli valyutasının rəsmi məzənnəsi 1 dollar üçün 66.25 rubladək bahalaşıb. Rusiya-Ukrayna savaşı başlanan gün dollar almaq üçün 80 rubl təklif olunurdusa ötən müddətdə volatillik nümayiş etdirən rublun rəsmi məzənnəsi 18 faiz güclənib. Rusiya milli valyutanın məzənnəsinə təsir edə amillər və kursun necə dəyişəcəyi ilə bağlı ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də bazardakı tələb və təklif də təsirsiz deyil.
Rusiyanın milli valyutası Qərbin ilk sanksiyalarına ciddi reaksiya verərək rəsmi valyuta dəyişmə məntəqələridə 135 məzənnəsinə də ucuzlaşmışdı. Amma sonradan Rusiya Mərkəzi Bankı rublun mövqelərini bərpa edə bildi. Rublun məzənnəsinin son möhkəmlənmələrinin bir neçə mühim səbəbləri var:
Birincisi, sanksiyalar nəticəsində Rusiyanın idxalının kəskin azalması dollara tələbi minimumlaşdırıb. Yalnız ötən ay Rusiyada avtomobil alışı 78.5 faiz azalıb. Bu o deməkdir ki, xaricdən mal gətirilməsində ciddi azalma olduğundan iş adamlarının dollara tələbi kəskin aşağı düşüb. Rusiya dollara tələbi əsas sahibkarlar yaradırdı;
İkincisi, Rusiya vətəndaşlarının xarici səfərlərinin sayı da kəskin azalıb və bu da dollara tələbini aşağı salıb. Hər il 7 milyondan çox Rusiya vətəndaşı sadəcə Avropaya gedirdi və artıq bu səfərlər, demək olar, yoxdur. Bu isə xarici valyutaya tələbi azaldır;
Üçüncüsü, Rusiyada ölkədən valyuta çıxarışı 10 min dollaradək məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edir;
Dördüncüsü, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb;
Nəhayət, sanksiyalara baxmayaraq Avropa İttifaqı müharibənin başladığı yalnız ilk 2 ayında sadəcə yanacaq məhsullarına görə Rusiyaya 46.3 milyard dollar ödəyib. Rusiyanın enerji məhsullarının idxalına embarqo tətbiq olunmadığı üçün şimal qonşumuz Qərb ölkələrindən valyuta almaqda davam edir.
Rublun məzənnəsi necə dəyişəcək?
Qeyd edilən faktorlar mövcud məzənnəyə təsir göstərsə də Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir. Bir tərəfdən, biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və tursit səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək.
Nəhayət, savaş davam edərsə Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək və sanksiyalar iqtisadiyyata daha təsirli olacaq ki, bu da rubla təsirsiz ötüşməyəcək. Bu baxımdan, məhdudlaşdırıcı alətlərə baxmayaraq yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil və aydındır ki, rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər. Bu halda Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq.
Vüqar Bayramov-Milli Məclisin deputatı