Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda polietnik mühit, mədəni müxtəliflik hökm sürür

Azərbaycanda polietnik mühit, mədəni müxtəliflik hökm sürür


2022-ci il sözdə yox, gerçəkdən də “Şuşa ili”nə çevrilməkdədir. İlin ilk beş ayı hələ başa çatmamış bizim mədəniyyət paytaxtımız sözün həqiqi mənasında beynəlxalq tədbirlər məkanı kimi şöhrət qazanmağa başlayıb. İşğal dönəminin və 44 günlük müharibənin izlərindən hələ tam qurtula bilməyən bu qədim şəhərimizdə ard-arda keçirilən çeşidli tədbirlər Azərbaycan xalqının həm quruculuq və yaradıcılıq potensialını, həm də mədəni səviyyəsinin yüksəkliyini ortaya qoyur.

Dünən Şuşada baş tutan V “Xarıbülbül” Beyəlxalq Folklor Festivalına da məhz bu potensialın nümayişi kimi baxmaq lazımdır. Bu, sıradan bir mədəniyyət hadisəsi, hansısa bir musiqi məclisi deyildi. Bu tədbirin hətta repertuarı da həm düşmənlərimizə, həm də dünyaya mesaj xarakteri daşıyırdı. İndi Şuşa azərbaycanlılarla ermənilərin fərqini göstərən əyani güzgüyə çevrilib.

Bu gün Şuşanı yenidən ələ keçirməkdən dəm vuran revanşist ermənilər 30 ilə yaxın işğal altında saxladıqları bu şəhərdə mədəniyyət adına heç bir iş görməyiblər. Əksinə, onlar burda özlərini əsl vəhşi qəbilələr kimi aparıblar, vandallıq ediblər, abidələrimizi dağıdıblar, heykəllərimizi güllələyiblər, muzeylərimizi talayıb aparıblar. Bir sözlə, Şuşanın adından tutmuş memarlıq üslubuna qədər hər şeyini “erməniləşdirməyə” çalışan erməni xalqının terrorçu və işğalçı qüvvələri Şuşada Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışıblar.
Lakin onlar bu mənfur məqsədlərinə tam nail ola bilmədilər. Müzəffər Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində digər torpaqlarımız kimi Şuşanı da işğaldan azad etməklə ermənilərin vandalizm siyasətinə son qoydu. Savaşın hərbi mərhələsi bitəndən sonra azərbaycanlılar bu şəhərə “ikinci nəfəs” verdilər, böyük bir canlanma gətirdilər. Ermənilərin işğal dönəmində demək olar ki, “ölü şəhər”ə çevirdikləri Şuşada əvvəlki mədəni həyat yenidən bərpa olunmağa, canlanmağa başladı.

İndi Azərbaycan ermənilərin işğalçı siyasətinə qarşı hərb meydanında yox, mədəni-humanitar müstəvidə mübarizə aparır. Bu mənada, V “Xarıbülbül” Beyəlxalq Folklor Festivalı da bizim bütün dünyaya mədəni ismarıcımız sayıla bilər. Dünya məhz bu cür tədbirlərin sayəsində bizlə ermənilərin kəskin fərqini əyani görmək imkanı qazanır. Ermənistanı monoetnik bir ölkəyə, yalnız ermənilərin yaşadığı bir əraziyə çevirən millətçi-faşist əqidəli erməni siyasi elitasından fərqli olaraq Azərbaycan dövləti multikultural siyasət yürüdür.

Bizim ölkəmizdə polietnik mühit, mədəni müxtəliflik hökm sürür. Bu ölkədə yaşayan xalqların mədəniyyətinə də, adət-ənənlərinə də hörmətlə yanaşılır, tolerant münasibət sərgilənir. Sözügedən beynəlxalq folklor festivalının repertuarı da bunu əyani şəkildə göstərdi. “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı həm ermənilərə, həm də dünyaya Azərbaycanda hökm sürən milli həmrəyliyi, bu ölkədə yaşayan xalqların birlik və bərabərliyini nümayiş etdirdi. Şuşa növbəti dəfə bizim hamımızı birləşdirən bir şəhərə çevrildi. Bəli, Şuşa milli həmrəylik şəhəridir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş