Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və Ankara hədəfindən yayınmır

Bakı və Ankara hədəfindən yayınmır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edib. Hava limanına ilk enişi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri edəcək. Açılış sonrası isə iki ölkə başçısı arasında görüş olacaq.

İlk öncə onu qeyd edim ki, 2017-ci il aprelin 3-də əsası qoyulan Rize-Artvin Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə ərsəyə gələn ən önəmli layihələrdəndir. Dənizin üzərində inşa edilən hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.

Bundan başqa hava limanı ən yeni mühəndislik texnologiyaları ilə ərsəyə gəlib. 47 min kvadratmetr ümumi sahəyə malik olan hava limanı Türkiyənin Şərqi Qara dəniz bölgəsi başda olmaqla, digər regionların turizm ticarət və istehsalının artmasına mühüm töhfələr verəcək.
Hava limanı açılışı ilə Ankara və Bakının verdiyi mesaj

Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Bundan başqa bu açılış həm də rəsmi Bakı və Ankaranın bütün sahələrdə olduğu kimi beynəlxalq daşıma və logistika sahəsində də əməkdaşlıq güclərini birləşdirdiyini göstərir.

Ümumiyyətlə dəyişən və qloballaşan dünyamızda hava limanlarının əhəmiyyəti hər gün biraz daha artır. Bir ölkənin güclü hava limanı şəbəkəsinə sahib olması o ölkənin həm turizm, həm sənaye, həm də daşıma sahəsində inkişafını sürətləndirir. Bundan başqa hava limalarının çox olması ölkənin fərqli regionlarının bərabər səviyyədə inkişaf etməsinə də səbəb olur.

Son illərdə Azərbaycan və Türkiyə bu sahədə ortaq strateji xətt izləyir.

Misal üçün bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edib. Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən Azərbaycan ərazilərinə səfər etmiş, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmişdir. Hesab edirəm hər iki hadisə də tarixidir və eyni mahiyyəti kəsb edir. Hər iki ölkə başçısı hava limanı açılışında iştirak edərək dünyaya Ankara və Bakının əməkdaşlığını təkcə hərbi sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etdiyi mesajını verir.

Əliyev və Ərdoğan bütün maneələrə baxmayaraq hədəflərinə doğru inamla addımlayır.

İstər Azərbaycanın, istərsə də Türkiyənin son illərdə ərsəyə gətirdiyi beynəlxalq layihələr görünür bəzi gücləri narahat edir.
Misal üçün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail oldu. 44 günlük müharibə ilə Ermənistan işğalında olan Qarabağ azad edildi. Bənzər şəkildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünyanın aparıcı ölkələrindən birinə çevrildi və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir.

İki ölkənin bütün sahələrdə strateji hədəflərinə nail olduğunu görən xarici güclər məqsədyönlü şəkildə süni maneələr yaratmağa çalışır. Misal üçün bu gün Türkiyəyə iqtisadi sahədə edilən təzyiqlər və ya türk lirəsinin süni şəkildə dəyərdən salınması istiqamətində xaricdən edilən təzyiqlər buna misal ola bilər.

Azərbaycan da 44 günlük müharibə dövründə həmin güclərin təzyiqinə məruz qalmışdı. Lakin atılan bütün addımlara baxmayaraq nə Türkiyə, nə də Azərbaycan geri çəkilmir. Hər iki ölkə inkişaf yolunda əmin addımlar ilə addımlayır. Son illərdə imzalanan Müttəfiqlik haqqında Şuşa bəyannaməsi, Qars müqaviləsi, Dostluq və Əməkdaşlıq haqqında müqavilə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləsi bunu bir daha isbat edir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş