“Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” və “Toxum və Aqro–Kimyəvi Laboratoriyaların və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihələrinin ilkin seminarı baş tutacaq.
Newscenter.az FAO-ya istinadən xəbər verir ki, “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” layihəsinin məqsədi yerli, regional və qlobal səviyyədə səmərəli və inklüziv ərzaq və kənd təsərrüfatı təchizat zəncirləri vasitəsilə dayanıqlı istehlak və istehsal nümunələrinin və dəyişən iqlim və ətraf mühitdə dayanıqlı aqro-ərzaq sistemlərinin təmin edilməsidir. Seminarda layihənin əhatə dairəsi və məqsədləri ilə əlaqədar məlumatlar maraqlı tərəflərə çatdırılacaq və iş planı nəzərdən keçirilərək müzakirələr baş tutacaq. Müzakirələr zamanı layihə üçün əsaslandırma planı hazırlanacaq və müvafiq fəaliyyətlər görüləcək işlər siyahısına daxil ediləcək.
Tədbirin ikinci hissəsində “Toxum və Aqro–Kimyəvi Laboratoriyaların və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihəsinin təqdimatı baş tutacaq. Təqdimat zamanı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin daha məhsuldar və dayanıqlı hala gətirilməsinə dair müzakirələr baş tutacaq. Dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində texniki dəstək, potensialın gücləndirilməsi, o cümlədən sertifikatlaşdırma, laboratoriyalarının və sortların yoxlanılması xidmətlərinin təkmilləşdirməsi layihənin əsas prioritetlərindən biridir.
Tədbirdə, Aqrar Xidmətlər Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbər heyəti və mütəxəssisləri iştirak edəcək.
Seminarın sonunda layihədən gözləntilər, əhatə dairəsi və icra mərhələlərində əsas fəaliyyətlər və institusional tədbirlərin icra üsulu, o cümlədən layihə tərəfdaşlarının rolu müzakirə olunacaq.
Sevinc