Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya layiqli nümunədir

Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya layiqli nümunədir


Azərbaycan-Türkiyə münasibətləri həqiqətən də bütün dünyaya layiqli nümunədir. Bu münasibətlər əvvəllər yalnız qardaşlıq və dostluq amillərinə, soy və din birliyinə əsaslanırdısa, hazırda isə münasibətlərimiz artıq strateji müttəfiqlik müstəvisinə yüksəlib. Bu olduqca mühüm məqamdır və bu məqamı dünən Prezident İlham Əliyev də qardaş Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı tam da yerində vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, “biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

İlham Əliyevin böyük coşqu ilə qarşılanan çıxışındakı bu məqam Azərbaycan-Türkiyə münasibətlərinin təkcə bugününü yox, həm də gələcəyini müəyyən edir. Rizədə liderlərin dilindən səslənən birlik-bərabərlik mesajları ilə Azərbaycan və Türkiyə növbəti dəfə dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdi. Bizim müttəfiqlik münasibətlərimiz iki qardaş ölkənin gələcəkdə bütün istiqamətlər üzrə birgə fəaliyyətləri üçün etibarlı zəmin yaradır.

Azərbaycan və Türkiyənin dövlət başçılarının şəxsi dostluq və qardaşlıq münasibətləri isə ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirir və gücümüzə güc qatır. İki lider birlikdə Azərbaycan və Türkiyə üçün, eləcə də bütövlükdə Türk dünyası üçün çox böyük işlər görə bilər. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi bütün Türk dünyasının gələcək böyük birliyinin təməlini təşkil edir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş