16 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaranmasının 15 illiyi qeyd olunur.
15 il öncə 16 may 2007-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.
Bu müddət ərzində ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında İçərişəhərdə vahid idarəetmə sistemi yaradılmış, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilmişdir. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, yeni muzey ekspozisiyaları açılmış, muzey işinin təkminləşdirilməsi, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi sahəsində əsaslı işlər görülmüş, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənmişdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bundan sonra da İçərişəhər və Qala Qoruqların ərazisində mədəni irs nümunələrinin qorunması, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, bərpası, konservasiyası, mühafizəsi, mədəni turizm potensialının artırılması, sakinlərin rahatlığının təmin edilməsi, sahibkarlar üçün əlverişli imkanların yaradılması, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri və təmizliyi məsələləri istiqamətində bu və digər tədbirlərin keçirilməsini davam etdirəcək.
Şahin Seyidzadə-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi