Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Şuşada bir gün” festivalı keçirilib.
Newscenter.az xəbər verir ki, aytaxtdakı 234 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə şəhid anaları, məktəbin Vətən Müharibəsi iştirakçısı olmuş məzunları, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Xəzər bölməsinin sədri Arif Buzovnalı, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əməkdaşı Elşən Ədalətli, şair Hacı Soltan, şairə Gülarə Munis, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdən öncə Qarabağın məşhur simalarının büstlərinə, Şuşa qalasının maketinə və 234 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi-satış yarmarkasına baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər Vətənimizin nadir incisi olan Şuşaya həsr olunmuş tədbiri və şagirdlərin əl işlərindən ibarət sərgi-satış yarmarkasını təqdirəlayiq bir təşəbbüs kimi dəyərləndiriblər. Bildiriblər ki, şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə tədbirlərin əhəmiyyəti danılmazdır.
Daha sonra tədbirdə iştirak edən şəhid analarına peşə təmayüllü sinif şagirdlərinin hazırladıqları, üzərinə övladlarının şəkilləri vurulmuş Xarıbülbül suvenirləri hədiyyə edilib.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
Qeyd edək ki, yarmarkadan əldə olunan vəsait "YAŞAT" fonduna köçürüləcək.
R.Mehdiyeva